
Qarabağ münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr keçirilir - MOSKVADA
Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələr başlayıb.
apa-nın Moskva müxbirinin xəbərinə görə, məsləhətləşmələrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edir. Mediaya qapalı olan görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aktual məsələlərin müzakirə olunacağı, prezidentlərin mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gedişatına xüsusi diqqət yetiriləcəyi bildirilib.
Rusiya XİN-dən verilən məlumata görə, həmsədrlərin bu görüşü hər il mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən biridir. Görüşün əsas məqsədi üç həmsədr ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır.
Mediainfo.az