Köçəryan Ermənistana nəzarəti ələ alır...

Köçəryan Ermənistana nəzarəti ələ alır...

20 Aprel 2016 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Sərkisyanın reytinqi azaldıqca onun yerini Köçəryan tutmağa çalışacaq.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. Siyasi şərhçi Ermənistanda hazırkı hadisələrin inkişafını üç istiqamətdə dəyərləndirib:

"Birincisi, Ermənistan hakimiyyəti cəmiyyətdə anti-Rusiya meyillərinin artmasına şərait yaradır. Ermənistanda Qərb meyilli siyasətçilər və ekspertlər fürsətdən istifadə edərək bu ölkənin Rusiya ilə sıx bağlılığını tənqid edirlər. Bu gedişlə də Ermənistanda gələcək prezident seçkisində Qərblə sıx əməkdaşlığı təbliğ edən siyasətçinin reytinqi yüksək olacaq.

İkincisi, hakimiyyət içində problemlər artır. Təsadüfi deyil ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan İrəvana qayıdıb. O, Serj Sərkisyanın siyasətini tənqid edir və tərəfdarlarının sayını artırır. Halbuki hər ikisi Dağlıq Qarabağda separatizmin əsasını qoyub və vaxtilə siyasi müttəfiq olublar. Ancaq Köçəryan artıq Sərkisyanı müttəfiq saymır, ölkədəki dərin iqtisadi böhrana görə də onu tənqid edir. Sərkisyanın reytinqi azaldıqca Köçəryan onun yerini tutmağa çalışacaq. Görünür, Köçəryan qarşısına böyük hədəf qoyub. O, siyasi partiyaları ətrafında toplayaraq həm prezident, həm də parlament seçkilərində qələbə çalmağa çalışacaq.

Üçüncüsü, Sərkisyanın cəbhədəki uğursuzluqlara görə siyasi karyerasını xilas etmək haqqında düşünür, bu məqsədlə də yeni müttəfiqlər axtarır. Məhz buna görə keçmiş prezident Levon Ter-Petrosyanla tez-tez görüşür. Levon Ter-Petrosyan Köçəryanın yenidən siyasi arenaya qayıtmasını istəmir. Ona görə də o, müvəqqəti - taktiki səbəblə Sərkisyanla ittifaq qura bilər. Onsuz da Levon Ter-Petrosyan anlayır ki, Sərkisyanın siyasi perspektivi yoxdur, ona görə ona dəstək verməklə Köçəryanın hakimiyyətə gəlişini əngəlləmək istəyir. Hazırda onun üçün Köçəryan daha təhlükəli fiqurdur. Sonrakı mərhələdə isə Sərkisyan-Ter-Petrosyan ittifaqı da dağılacaq".

Mediainfo.az