ATƏT “üçlüyü” Qarabağ müzakirələrinə hazırlaşır
Konfliktin həllində sıçrayışın olub-olmayacağı tezliklə bilinəcək; rusiyalı politoloq: "Azərbaycana öz ərazisində işğalçıları məhv eləməyi heç kim qadağan edə bilməz..."
Dağlıq Qarabağda müvəqqəti hərbi qarşıdurmanın ardınca əldə olunan atəşkəsdən sonra özünü göstərməyə başlamış diplomatik fəallığın bu həftə də davam edəcəyi gözlənilir. Belə ki, sabah - aprelin 12-də Berlində ATƏT sədri olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer təşkilat üzrə həmkarları - Serbiya və Avstriyanın xarici işlər nazirləri İvitsa Daçiç və Sebastyan Kurtsu qəbul edəcək.
Almaniya XİN-in bununla bağlı yaydığı məlumatda deyilir ki, danışıqların əsas mövzusu ATƏT-də sədrlik edən ölkələrin Dağlıq Qarabağ və Ukraynada münaqişənin nizamlanmasına dair səyləri olacaq. Həmçinin, ATƏT-in miqrasiya məsələlərindəki roluna toxunulacaq. Görüşə ATƏT-in baş katibi Lamberto Zanyer də qatılacaq. Qeyd edək ki, ATƏT "üçlüyü"nə təşkilatın əvvəlki, hazırkı və növbəti ildəki sədr-ölkələri daxildir.
Ötən həftə Almaniya XİN başçısı münaqişə tərəflərini problemin yalnız dinc vasitələrlə həllinə çağırmış, hətta Berlinin 7 bəndlik həll planına malik olduğu haqda informasiyalar yayılmışdı. Almaniya kansleri Angela Merkel isə öz növbəsində Ermənistan prezidenti Serj Sərkisyanla Berlindəki görüşdə ölkəsinin Qarabağ zonasındakı gərginlikdən narahat olduğunu bildirmiş, Azərbaycanla müharibə şəraitində olan Ermənistanın Türkiyə ilə yaxınlaşmasının mümkün olmadığını qeyd eləmişdi.
Bu arada Almaniya XİN-i münaqişənin tənzimlənməsi ilə bağlı 7 maddəlik plan təklif etməsi barədə xəbərlərə aydınlıq gətirib. XİN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xarici işlər naziri Ştaynmayerk münaqişə ilə bağlı "status kvo"nu uzun müddət davam edəcəyini düşünmür. "Münaqişə davam etdiyi üçün təmas xəttində və iki ölkə sərhədində zorakılığın təkrarlanması və daha böyük intensivlik alması riski artır. Buna görə də xarici işlər naziri Ştaynmayer münaqişənin sülh yolu ilə həlli istiqamətində tərəqqiyə nail olmaq üçün ATƏT-ə sədrliyi dövründə bir sıra fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur. Almaniyanın 7 maddəlik planı zorakılığın artması potensialının qarşısını almağa yönəlib və münaqişənin davamlı, sülh yolu ilə həllinə dair yol göstərməkdən ibarətdir. Bunun əsasında atəşkəsin stabilləşdirilməsi və danışıqlar yolu ilə həllə nail olmaq üçün dialoq, etimad yaradılması tədbirlərindən istifadə etmək dayanır. Bu, Minsk Qrupunun işinin intensivləşdirilməsi, potensial kompromis nöqtələrinin araşdırılması və yekun olaraq uzunmüddətli sülh sazişi üçün danışıqların aparılmasından ibarətdir" - XİN-dən bildirilib .
***
Bəs bu qəbildən təklif, görüş və təmaslar Güney Qafqazın ən üzücü münaqişəsinin nizamlanmasında, nəhayət, hansısa sıçrayışa gətirəcəkmi, yoxsa yaranmış taym-autdan yenə təcavüzkar və onun əsas havadarı Rusiya vaxt uzatmaq üçün yararlanacaq? İşğalçı Ermənistanın Azərbaycan torpaqlarından çıxmasının vaxtı çatdığı ona başa salınacaqmı?
Hər halda Azərbaycanın ədalətli mövqeyi indi heç vaxt olmadığı qədər dünyaya, o cümlədən vasitəçi dövlətlərə ayandır. Onu son olaraq prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 1-ci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda bir daha diqqətə çatdırıb, Azərbaycan xalqının iradəsini ortaya qoyub: "Biz öz torpaqlarımızı müdafiə edirik, bizim başqa dövlətin torpaqlarında gözümüz yoxdur. Öz torpağımızı da heç kəsə verəsi deyilik... Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.
Dəfələrlə bəyan etmişik ki, məsələ sülh, siyasi yolla həllini tapsın. Bu gün də bəyan edirik ki, biz danışıqlar prosesinə sadiqik və ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Problemin həlli də çox sadədir. Ermənistan silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalı, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəlincə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır".
***
Mövcud vəziyyəti "Vestnik Kavqaza" nəşrinə şərh edən rusiyalı analitik və tarixçi Oleq Kuznetsov da konfliktin ədalətli həlli üçün öncə onun hüquqi kontekstinə baxmağı zəruri sayır: "Əvvəla, dünyada Ermənistan istisna olmaqla, elə bir dövlət varmı ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın? Rusiya, həmsərhəd Türkiyə, İran, Gürcüstan, aparıcı dünya dövlətləri, BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri heç vaxt bəyan eləməyiblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanımırlar. Beynəlxalq hüquq nöqteyi-nəzərincə Ermənistanın işğal elədiyi torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir. İkinci sual: dünyada elə bir ölkə varmı ki, "Dağlıq Qarabağ Respublikası"nı tanısın? Rusiya, yuxarıda sadalanan ölkələr, hətta Ermənistanın özü də onu tanımır".
Ekspertin sözlərinə görə, Rusiya qanunvericiliyi kontrekstində baxılsaydı, o zaman gurultulu "Arsax" adı ilə adlandırılan ərazidəki bütün strukturlar, xüsusən də silahlı birləşmələr Rusiya Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz silahlı birləşmələr adlanardı. Ermənistanın işğalçı siyasətini faş edən rusiyalı analitik daha sonra bildirib: "Konfliktin 2-5 aprel tarixli eskalasiyasından sonra Ermənistanın Müdafiə Nazirliyi öz saytında ölənlər və onların harada basdırıldığı haqda siyahı dərc eləmişdi. Bu siyahıda Dağlıq Qarabağın bir sakinin də yoxdur. Ermənistanın Müdafiə Nazirliyinin rəsmən etiraf elədiyi və göstərdiyi 57 hərbçinin hamısı Ermənistan vətəndaşıdır. Yenə sual ortaya çıxır: əgər Ermənistan Dağlıq Qarabağı tanımırsa, o halda onun vətəndaşlarının bu ərazidəki qanunsuz silahlı birləşmələrin tərkibində nə edirlər? Rusiya CM-nin 336-cı maddəsinə görə, bu - hərbi muzdluluqdur. Yəni istənilən halda bunlar cinayətkarlardır. Buradan da məntiqi sual yaranır: suveren Azərbaycan Respublikası dövlətinə öz ərazisində cinayətkarları məhv eləməyi kim qadağan edə və ya kim mane ola bilər?"
"Suveren dövlət ya cinayətkarları məhv eləməlidir, ya onları öz ərazindən gəldiyi yerlərə sıxışdırmalı, ya da həmsərhəd ölkələrə çıxıb getməsinə imkan yaratmalıdır. Bu, Rusiyaya, Türkiyəyə, İrana, Gürcüstana lazımdırmı? Xeyr. Burdan çıxış edib Rusiya hüquq sisteminin nöqteyi-nəzərincə Qarabağ probleminin həllinin yalnızca bir variantı qalır: "Ermənistan öz cinayətkarlarını Azərbaycan ərazisindən yığışdırır və onlar üzərində ədalətli məhkəmə qurur, paralel surətdə işğal elədiyi torpaqları Azərbaycan Respublikasının yurisdiksiyasına qaytarır. Başqa variantlar mövcud deyil" - sonda o əlavə edib.
***
Lakin əfsuslar olsun ki, Ermənistanı öz işğalçılıq siyasətindən əl çəkməyə ən çox elə hazırda özünü hamıdan çox sülhpərvər vasitəsi qiyafəsində göstərməyə çalışan Rusiya qoymur. Çünki təcavüzkarın əsas qarantı qismində çıxış edən Rusiyanın bölgə ilə bağlı məxsusi maraqları var.
"Rusiya Cənubi Qafqaza yenidən hakim olmaq istəyir". Bu barədə "Reuters"dəki məqalədə deyilir. "Rusiya dünyaya onu sübut etmək istəyir ki, Dağlıq Qarabağ problemini yalnız o həll edə bilər" - yazıda qeyd edilir.
"Moskvanın strategiyası beynəlxalq ictimaiyyəti buna inandırmaq istiqamətində aparılır. Kreml dünyanı əmin etməyə çalışır ki, regiondakı vəziyyəti stabilləşdirməyə yalnız onlar qadirdir. Əsas da bunu özünün əbədi rəqibi ABŞ-a sübut etməyə çalışır. Amma məsələ tamam başqadır. Rusiya Cənubi Qafqazda hakimliyini yenidən bərpa etməyə çalışır", - deyə məqalədə vurğulanır.
Əlavə edək ki, məhz bu amili nəzərə alan əksər təhlilçilər Kremlin Qarabağ nizamlanmasına dair təşəbbüslərdə səmimi olmadığı qənaətindədirlər. Onlar hesab edirlər ki, Moskva indi də, ixtilafın həlli ilə yox, həll görüntüsü yaratmaqla məşğuldur. (musavat)
Mediainfo.az




















































.jpg)










































