İlham Əliyev: "Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu”

İlham Əliyev: "Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu”

7 Aprel 2016 01:00
Bəyəndim (0) Bəyənmədim (0)
"Rusiya və Azərbaycan iki dost, iki qonşudur"

"Son günlər qoşunların təmas xəttində insan tələfatı ilə müşahidə olunan gərgin vəziyyət yaranıb. Əlbəttə ki, bu da həm dünyada, həm regionda, həm də ictimaiyyət arasında narahatlıq doğurur".

Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu"

Prezident bildirib ki, Rusiya bu halda yenidən təşəbbüs göstərib və Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma əldə olunub: "Biz hesab edirik ki, bu, regionda vəziyyətin gərginləşməsinə imkan verməməyin yeganə yoludur. Atəşkəs rejiminə riayət olunurdu. Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu".

Prezident vurğulayıb ki, Azərbaycan danışıqlar prosesinin davam etdirilməsinə köklənib: "Bu gün mən ATƏT-in Minsk qrupunun həmsədrlərini - səfirləri qəbul etdim. Onlara da dedim və indi mətbuat qarşısında da demək istəyirəm ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir. Biz bu münaqişəni sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimləmək istəyirik. Düşünürəm ki, atəşkəsin elan olunmasından sonra ötən 20 ildən çox müddət bizim məhz siyasi nizamlanmaya kökləndiyimizi sübut edir".

Prezident Rusiya xarici işlər nazirinin səfərinin münasibətlərin möhkəmlənməsi istiqamətində daha mühüm addım olacağına əminliyini ifadə edib.

Prezident, həmçinin Rusiya, İran və Azərbaycanın xarici işlər nazirlərinin ilk görüşünün Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib: "Hesab edirəm ki, bu, ölkələrimiz arasında çox ciddi regional əməkdaşlıq prosesinin başlanğıcıdır.

Azərbaycan dünyada yeganə ölkədir ki, eyni zamanda, həm Rusiya, həm də İranla həmsərhəddir. Bu, üç ölkə xalqlarının həm coğrafiyası, həm də qarşılıqlı əlaqələrinin tarixidir. Ölkələrimiz arasında bugünkü qarşılıqlı fəaliyyət də əlbəttə ki, əməkdaşlığın həm də çoxtərəfli formatda dərinləşməsini tələb edir".

Ölkə başçısı qeyd edib ki, S. Lavrovun səfəri ikitərəfli problemləri müzakirə etmək üçün də yaxşı imkandır: " Biz ölkələrimiz arasında münasibətlərin gedişatından, yüksək səviyyəsindən, demək olar ki, bütün sahələri əhatə edən strateji tərəfdaşlıqdan çox məmnunuq. Rusiya və Azərbaycan iki dost, iki qonşudur. Biz bu münasibətləri yüksək dəyərləndiririk, bu münasibətləri möhkəmləndirməyə və inkişaf etdirməyə səy göstəririk. Bu, həm qarşılıqlı siyasi fəaliyyətə, həm humanitar, iqtisadi və energetika sahələrində əməkdaşlığa, həm də, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə aiddir".

Mediainfo.az