Prezident: “Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa ..."

Prezident: “Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa ..."

5 Aprel 2016 15:59
Bəyəndim (0) Bəyənmədim (0)
“Əsgərlərimiz sübut ediblər ki, Azərbaycanın dəyərli vətəndaşlarıdırlar"

Apa-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bu cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, həmin əsgərlər layiqli vətəndaş kimi Azərbaycanda özlərinə layiqli həyat qurmalıdırlar və quracaqlar: "Biz o əsgərlərlə, onları böyüdən valideynlərlə fəxr edirik. Həkimlər yaralı əsgərlərin hamısının sağalacağını bildirdilər. Sağlamlıqları tam bərpa olunmalıdır, bərpa olunacaq. Bunun üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər. Mən bu gün onlara və sizə öz təşəkkürümü bildirmək üçün gəlmişəm ".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur: "Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik. Azərbaycan bu gün bir daha bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır. Amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da atəşi dayandırsınlar, olduqları yerlərdə qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq, başqasının torpağında gözümüz yoxdur, heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də, ordusu da güclüdür. Bu gün müalicə alan əsgərlərimiz bunun ən gözəl sübutudur".

Mediainfo.az