Milli Məclisdə ATƏT-in Minsk qrupu "yarıtmaz" adlandırıldı

Milli Məclisdə ATƏT-in Minsk qrupu "yarıtmaz" adlandırıldı

5 Aprel 2016 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin bu gün keçirilən iclasında ATƏT-in Minsk qrupu yarıtmaz fəaliyyət göstərməkdə ittiham edilib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, artıq səfərbərlik idarələrində könüllü şəkildə cəbhəyə döyüşə getmək üçün növbələr yaranıb.
O qeyd edib ki, yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı silahlı qüvvələrin sırasında döyüşməyə hazır olduğunu bəyan edir: "Artıq beynəlxalq təşkilatlar başa düşdü ki, dondurulmuş münaqişə sülh demək deyil və dondurulmur. Münaqişə hər an başlaya və çox ağır nəticələri ola bilər. Onlara bir daha sübut olundu ki, uzun müddət ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində bu münaqişə məqsədli şəkildə uzanırdı və Ermənistan arxayın idi ki, münaqişə nə qədər uzanacaqsa, Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ, eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq, onların döyüş səviyyəsi aşağı düşəcək. Lakin baş verənlərdə onlar bunun tam əskini gördülər. Azərbaycan gəncləri əlində bayrağımızı tutub və hər biri döyüşə atılmağa hazırdır".

Deputatın sözlərinə görə, Ermənistan beynəlxalq hüquq normalarını kənara qoyub Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əhalisinin başını qatmağa çalışırdı ki, əgər bizə qarşı hər hansı addım atılacaqsa, digər dövlətlər məsələyə qarışacaq. "Həmin dövlətlərin səlahiyyətliləri onlara çox gözəl cavab verərək bildirdilər ki, döyüş Ermənistanın deyil, Azərbaycan ərazisində gedir. Bu, erməni əhalisi arasında yaranan mifi birdəfəlik sındırdı və erməni qorxaqlığı fəaliyyətə başladı. Onlar anladı ki, Azərbaycanla üz-üzə gəlmək üçün heç bir qüvvəyə malik deyillər. Bu baxımdan bu məsələləri ictimaiyyətə çatdırmalıyıq. Ölkə başçısı hər zaman bildirirdi ki, ordumuz post-sovet məkanında, eləcə də Cənubi Qafqazda ən güclü ordulardan biridir. Bu bir daha sübut edildi. Ordumuzu və Azərbaycan xalqını təbrik edirəm. Hər birimiz döyüşlərdə əsgərik və Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazırıq".

Mediainfo.az