Moskva atəşi dayandırmağa çağırdı
Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağda Azərbaycan və Ermənistan ordusu arasında yaranmış hərbi gərginliyə görə Türkiyəni ittiham etmədiklərini deyib.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Lavrov bu barədə moldovalı həmkarı Andrey Qalburla görüşdən sonra jurnalistlərin suallarına cavabında deyib.
"Biz hansısa xarici qüvvələri, oyunçuları indiki gərginlikdə ittiham etmirik. Rəsmi Ankaranı da o cümlədən ittiham etmirik".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Qarabağ münaqişəsinin hərbi yola həlli yoxdur. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycan və Ermənistan yubanmadan atəşkəs rejiminin pozulmasını dayandırmalıdır.
Lavrov deyib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakı və Yerevandakı həmkarları ilə əlaqə yaradıb.
"Biz Bakı ilə Yerevan arasında əlaqələri davam etdirərək Moskvadan, Vaşinqtondan və Parisdən gələn siqnalların dinlənilməsinə nail olmağa çalışırıq", - Lavrov vurğulayıb.
Mediainfo.az