“Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”
Azərbaycan və Ermənistan arasında Qarabağda aprelin 2-də başlayan irimiqyaslı hərbi əməliyyatlar dünya mətbuatının faktiki olaraq bir nömrəli mövzusuna çevrilib.
Virtualaz.org xəbər verir ki, Rusiya mediası, ekspert çevrələri hazırda Qarabağda baş verənlərin təhlilinə geniş yer ayırır.
Gazeta.ru dünənki döyüşlərin xronikasına və tərəflərin bəyanatlarına geniş yer ayırdıqdan sonra ekspertlərin fikirlərinə yer verib. Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin hesab edir ki, hazırda Azərbaycanla Ermənistan arasında müharibəni dayandırmaq praktiki olaraq mümkün deyil. ABŞ və Rusiya kimi böyük dövlətlər tərəfindən hərbi əməliyyatların başlanmasına görə səslənən tənqidlərə baxmayaraq beynəlxalq institutların prosesə real təsir imkanları yoxdur.
"Situasiyanı dəyişdirə bilən yeganə tərəf varsa bu da Rusiyadır"-ekspert deyib. Lakin Xramçixinə görə əgər hərbi əməliyyatlar Qarabağın hüdudlarından kənara çıxmasa Rusiya münaqişəyə qarışmayacaq. "Lakin əsas təhlükə bundadır ki, gərginlik çox yüksəkdir. Hərbi əməliyyatlar bu regionun hüdudlarından kənara çıxa və bilavasitə Azərbaycan-Ermənistan sərhədinə keçə bilər. Bax onda Rusiyanın münaqişəyə qarışması üçün bütün şərtlər yaranacaq"-Xramçixin fikrini tamamlayıb.
Vaşinqtondakı "Gulf State Analytics" şirkətindən aparıcı analitik Teodor Karasik isə Suriya böhranının Azərbaycan-Ermənistan münaqişəsinin alovlanmasına təkan verəcəyi əvvəlcədən aydın idi. "Suriyada Türkiyə-Rusiya qarşıdurması, habelə üç ölkə prezidentinin (Azərbaycan, Ermənistan və Türkiyə) Vaşinqtonda olması bu köpüyün partlaması üçün şərait yaratdı"-analitik deyib.
Karasikə görə Qarabağda eskalasiyaya gətirib çıxaran başlıca amillərdən biri Moskvanın İrəvana hərbi köməyi artırması oldu. Bu da Moskva ilə Bakı arasında münasibətlərin soyumasına gətirib çıxardı. "Bu, martın əvvəllərində, baş nazirin müavini Dmitri Roqozinin Bakıya səfəri zamanı aydın oldu. Roqozin Azərbaycan prezidenti ilə əvvəllər bağlanmış hərbi-texniki əməkdaşlıq müqavilələrini müzakirə etdi"-Karasik bildirib.
Mediainfo.az