Azərbaycan XİN Sarkisyanın ABŞ-dakı çıxışına münasibət bildirib

Azərbaycan XİN Sarkisyanın ABŞ-dakı çıxışına münasibət bildirib

1 Aprel 2016 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Serj Sarkisyanın ABŞ-dakı kollecdə xunta rejimi başçıları üçün xarakterik olan və arxaizm, saxta tarix, qonşu dövlətlərə, xüsusilə Azərbaycana qarşı ərazi iddiaları, hədə və təhdid tezisləri üzərində qurulan çıxışı bir daha göstərir ki, Ermənistanın mürtəce rejimi bütün region üçün təhlükə mənbəyidir".

Bu sözləri açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Harvard Universitetinin Kennedi adına İdarəetmə Kollecində çıxışını şərh edərkən deyib. O bildirib ki, çıxışda Ermənistanın qonşu dövlətlərlə sülh şəraitində yaşaması, ərazi iddialarından geri çəkilməsi və regionun gələcəyi barədə heç bir konstruktiv fikir yoxdur: "Göründüyü kimi, uydurma tarix və saxta hüquqi dəlillərə müraciət edərək Ermənistan rəhbərliyi bir daha Azərbaycana qarşı təcavüz, işğal və qanlı etnik təmizləmə siyasətini uğursuz şəkildə pərdələməyə cəhd edib. İnstitusional və tarixi yaddaş çatışmazlığından əziyyət çəkən Ermənistanın hərbi diktatura rejiminə bəzi tarixi faktları xatırlatmaq məcburiyyətindəyik".

H. Hacıyev qeyd edib ki, XIX əsrin birinci yarısından etibarən ermənilərin tarixi Azərbaycan torpaqları və Qafqaza köçürülməsi və nəticə etibarilə, ermənilərin regionun yerli xalqlarına qarşı başlanan ərazi iddiaları bu günə qədər davam edən uzunmüddətli qeyri-sabitlik, gərginlik və münaqişələrin əsasını qoyub. O xatırladıb ki, ərazi iddiaları irqi ayrı-seçkilik və etnik nifrət hissləri ilə müşayiət olunan ermənilər 1905 və 1907-ci illərdə azərbaycanlılara qarşı qırğınlar törədib və 1918-ci ilin martında Bakı və ətraf rayonlarda on mindən artıq mülki Azərbaycan əhalisinin soyqırımını həyata keçiriblər: "Ermənilərin ərazi iddialarına son qoymaq və regionda sülhü bərqərar etmək naminə Azərbaycan Demokratik Cümhuriyyətinin güzəşti əsasında paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla, ermənilərin regionda ilk dövləti yalnız 1918-ci ildə yaradıldı. Ermənistan rəhbərliyinin növbəti tarixi yalanı 5 iyul 1921-ci il tarixli Qafqaz Bürosunun qərarının təhrif edilməsidir. Qafqaz Bürosunun həmin qərarında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində qalması bildirilir. Bu qərar vasitəsilə guya Qarabağın idarəçiliyinin Azərbaycana verilməsi Ermənistanın uydurmasından başqa bir şey deyil. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı halda, Ermənistan SSR-də tarixi torpaqlarında kompakt şəkildə yaşayan çoxsaylı azərbaycanlılara heç bir imtiyaz verilmədi və 80-ci illərin sonunda Ermənistan ərazisindən etnik təmizləmə nəticəsində tamamilə qovulana qədər bu əhali irqi ayrı-seçkilik və təzyiq altında yaşamağa məcbur oldu. "Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxmaq Stalin siyasətini dəstəkləməkdir" deyən Ermənistan rəhbərliyi əslində dünya ictimaiyyətinə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini və sivil davranışdan kənar olduğunu bir daha nümayiş etdirir. Bundan əvvəl isə "Qarabağ Ermənistanın ayrılmaz hissədir deyən" Ermənistan rəhbərliyi rəsmən ölkəsinin işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü bir daha etiraf etdi".

H. Hacıyevin sözlərinə görə, öz vətəndaşlarını kütləvi şəkildə öldürməkdən, müxalifət nümayəndələrinin siyasi qətlinin sifarişindən və xalqa qarşı repressiya, hərbi cinayət və insanlıq əleyhinə cinayət əməllərindən çəkinməyən Ermənistan rəhbərliyinin siyasəti daha çox stalinizmlə uyğunluq təşkil edir: "Ermənistan hərbi xuntasının yürütdüyü siyasətin nəticəsidir ki, Ermənistan bu gün dünyanın ən militarist ölkəsidir və dərin siyasi, iqtisadi, sosial və demoqrafik böhran şəraitindədir. Səhra komandiri təfəkküründən hələ də xilas ola bilməyən bu rejim məsuliyyətsiz hərbi avantüradan çəkinməyərək, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyi davam etdirmək və müharibə xofu vasitəsilə ölkə ictimaiyyətinin diqqətini ağır sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır. Ölkə daxilində etimadını itirən bu rejim hətta erməni diaspora dairələri tərəfindən də qeyri-ciddi qəbul olunur. ABŞ-da edilən bu radikal çıxış da əslində diasporanın etimadını yenidən qazanmaq və Ermənistan rejiminin cibinə axan ianələrin davamlılığını təmin etməkdir. Çıxışda Ermənistan rəhbərliyi özü də etiraf etmək məcburiyyətində qalıb ki, Azərbaycanın qəti əzmi və iradəsi olmasaydı, Qarabağ məsələsi çoxdan həll olunmuşdu".

H. Hacıyev bəyan edib ki, Ermənistan rəhbərliyi münaqişənin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna biləcəyini dərk etməlidir. O deyib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti deyil, ola da bilməz və Azərbaycan heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq: "Vaxtı hədər vermək və naəlac formada tarixi və hüquqi saxtakarlıqla ilhaqçı siyasətinə əsassız bəraət qazandırmaq, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə, Ermənistan işğalçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, bütün işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı, konstruktiv şəkildə münaqişənin həlli prosesində iştirak etməlidir. Harvard Universitetində olduğunu zənn edərək beynəlxalq münasibətlərin nəzəriyyəsindən danışmağa cəhd edən Ermənistan rəhbərliyinə münaqişələrin həllində "win-win" nəzəriyyəsini oxumağı tövsiyə edərdik. Əgər "win-win" nəzəriyyəsi ilə tanış olsaydı, Ermənistan rəhbərliyi başa düşərdi ki, münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına dair Azərbaycanın baxışları bütün regionun inkişafını ehtiva edir və Ermənistan da bundan faydalana bilər". (apa)

Mediainfo.az