Havay ştatının Nümayəndələr Palatasının sədri Azərbaycandan üzr istəyib

Havay ştatının Nümayəndələr Palatasının sədri Azərbaycandan üzr istəyib

1 Aprel 2016 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Havay ştatının Nümayəndələr Palatasının sədri Cozef Souki Azərbaycandan üzr istəyib.

Bu barədə KİV-ə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. C. Souki Havay ştatı Nümayəndələr Palatası tərəfindən 29 mart 2016-cı il tarixində qondarma "DQR"ə dair qəbul olunmuş H.R. 167 saylı qətnamə ilə əlaqədar Memorandum imzalayaraq dərin təəssüf hissi keçirdiyini bildirib və Azərbaycan hökumətindən və Azərbaycan xalqından dərindən üzr istədiyini elan edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış Memorandumda spiker C.Souki təəssüflə bildirib ki, Nümayəndələr Palatasının xarici siyasətlə bağlı qəbul etdiyi hər bir sənəd müvafiq komitələrə getməli olduğu halda, H.R. 167 saylı qətnamə mövcud qanunvericilik prosedurlarına zidd olaraq gündəliyə salınıb və ictimai müzakirəyə çıxarılmadan qəbul olunub. O qeyd edib ki, Havay Nümayəndələr Palatasında bəzən fərdlərə və təşkilatlara, məsələn, müəllimlərə, səhiyyə işçilərinə, yaxud xeyriyyə qurumlarına həvəsləndirici məqsədlərlə təbriknamələr təqdim olunur. H.R. 167 saylı qətnamə də bu qəbildən sadə mərasim xarakterli sənəd adı altında gündəliyə salınıb və onun əsl mahiyyətinə diqqət yetirilməyib. Bu səbəbdən də C.Souki qətnamənin müvafiq komitə tərəfindən müzakirə olunmadan qəbul edildiyinə görə dərindən üzr istədiyini bildirərək, oxşar hadisələrin gələcəkdə baş verməməsi üçün daxili qaydaları dəyişəcəyini vurğulayıb. O, əlavə edib ki, ABŞ uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səylər göstərir. Bu səpkidə C.Souki H.R.167 saylı qətnamənin hər hansı hüquqi qüvvəyə malik olmadığını vurğulayaraq, Nümayəndələr Palatasının dolğun məlumat əldə etmədən belə bir sənədi qəbul etməsinə görə üzrxahlıq edib.

Sipker Memorandumun sonunda Nümayəndələr Palatasının üzvləri adından Azərbaycan və ABŞ arasındakı güclü dostluq əlaqələrinin inkişaf etməkdə davam edəcəyinə ümid bəslədiklərini bildirərək yazır: "Ümid edirəm ki, bizi bu vəziyyətə gətirib çıxardan xoşagəlməz halı anlayırsınız. Buna görə, mən Azərbaycan hökuməti və xalqından səmimi şəkildə üzr istəyirəm".