
Milli Məclisin Avronest PA-da iştirakdan imtina qərarının ilk zərbəsi
Ermənistan Azərbaycanın xeyrinə olan ifadələrin PA-nın qətnamə layihəsindən çıxarılmasına nail olub; ekspertlərdən hakimiyyətə çağırış
Avropa Parlamentinin hakimiyyəti narazı salan qətnaməsinə cavab olaraq Milli Məclisin 2015-ci ilin 14 sentyabrında Azərbaycanın Avronest Parlament Assambleyasından çıxması barədə qəbul etdiyi qərardan ermənilər öz maraqları üçün yararlanmağa başlayıblar.
Belə ki, martın son həftəsində Avronest PA-nın sessiyasında Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı"ölkələrinin xarici siyasət və mümkün təhlükələr üzrə mövqeyi barədə məruzə layihəsi dinlənilib və bu zaman Azərbaycan nümayəndə heyətinin yoxluğu İrəvanın xeyrinə olub. Bu barədə virtualaz.org saytının yaydığı xəbərdə deyilir ki, sonradan erməni deputat, Arvonest PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Artak Zakaryan layihəndən ermənilərə sərf etməyən, lakin Azərbaycanın xeyrinə olan bəzi ifadələri çıxarmağa müvəffəq olub. Məlum olub ki, gürcü deputatlar ərazi bütövlüyünün təminatı və "Şərq Tərəfdaşlığı" ölkələrində işğal edilmiş torpaqların yolverilməzliyi ilə bağlı iki təklif irəli sürüblər və bu ifadələr mətnə öncə daxil edilib. Sonra isə Ermənistan nümayəndə heyətinin xahişi ilə gürcü deputatlar həmin ifadələrin mətndən çıxarılmasına razılaşıblar.
"Azərbaycanın bununla bağlı necə hərəkət edəcəyini hamı bilir. İclasda gürcü həmkarlarımız razılaşdılar ki, həmin ifadələr mətndən çıxarılsın", - Zakaryan sevinərək deyib.
Özü özlüyündə bu, gürcü deputatlar və ümumilikdə Avronest üçün qəribə mövqedir. Aydın məsələdir ki, Azərbaycan kimi Ukrayna, Gürcüstan və Moldova üçün də ərazi bütövlüyü və özgə torpaqlarının işğalı məsələsi vacib bəndlərdir. Lakin Azərbaycan nümayəndə heyətinin olmaması ona gətirib çıxarıb ki, ermənilər gürcüləri bu ifadələrin mətndən çıxarılmasına razı sala biliblər.
Bəs görəsən, belə qərar verərkən gürcü deputatları nə fikirləşirdilər?
Virtualaz.org vəziyyəti aydınlaşdırmaq üçün Avronest PA-nın həmsədri Viktor Dolidzeyə müraciət edib.
V.Dolidze ilk növbədə təəssüf etdiyini bildirib ki, Azərbaycan Avronestin işində iştirak etməkdən imtina edir. O, həmçinin aprel ayında Azərbaycana səfər edəcəyini də bildirib: "O ki qaldı sizin qaldırdığınız məsələyə, Ermənistan tərəfi xahiş etdi ki, mətndə "Gürcüstanın işğal olunmuş torpaqları" ifadəsi əksini tapsın. Əgər sizin nümayəndələr orda olsaydı və ifadənin dəyişməməsi xahişini etsəydilər, biz onlarla razılaşardıq. O zaman elə alınardı ki, söhbət bütün "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyündən gedir. Gürcüstan həmişə nəinki Azərbaycanın, bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyib".
Politoloq Elxan Şahinoğlu bu hadisənin Azərbaycan Milli Məclisinin Avronest PA-dan çıxmaq barədə qərarının yanlış, zərərli olduğunu bir daha ortaya çıxardığını bildirdi: "Mən və bir çox analitiklər, siyasətçilər Azərbaycan Parlamentinin Avronesti tərk etməsi ilə bağlı qərarının emosional və yanlış olduğunu, bunun gələcəkdə Azərbaycanın zərərinə, Ermənistanın isə xeyrinə işləyəcəyini bildirmişdik. Təəssüf ki, son hadisə Azərbaycan Milli Məclisinin həmin qərarının necə yanlış qərar olduğunu bir daha ortaya çıxardı. Artıq Azərbaycan bunun ziyanını, ermənilər xeyrini görməkdədir. Milli Məclis "Ermənistan Avronestdə Azərbaycan əleyhinə qətnamə çıxarsa, biz o təşkilatda olmadan buna qarşı necə müqavimət göstərəcəyik" sualına o zaman cavab verməmişdi. Bu hadisə ciddi siqnaldır. Ona görə də vaxt itirmədən yenidən Avronestə qayıtmaq lazımdır. Siyasətdə emosional qərarlar vermək olmaz, ölkənin milli və təhlükəsizlik maraqları ön planda olmalıdır".
Politoloq Natiq Miri də Azərbaycan Milli Məclisinin Avronest PA-da fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarmasının vacibliyini bildirdi: "Təəssüf ki, daha bir yanlış qərarın zərbəsini Azərbaycan olaraq aldıq. Heç olmasa bundan sonra belə acı sürprizlərlə qarşılaşmamağımız üçün yanlışı düzəltmək lazımdır. Milli Məclisin məlum qərarı işğalçı Ermənistanın Avronestdə əl-qolunu açıb. İşğalçıların əl-qolunu bağlamaq üçün Azərbaycan Avronest Parlament Assambleyasında iştirakdan imtina qərarını ləğv etməlidir. Onu da nəzərə almaq lazımdır ki, Avropa Parlamenti Azərbaycandan siyasi məhbusların azad olunmasını istəyirdi. Əsas istək bu idi və qarşıdurma vəziyyəti də bununla bağlı yaranmışdı. Artıq Azərbaycan prezidentinin əfv fərmanı və məhkəmələrin məlum qərarları ilə Avropa Parlamentinin azadlığını tələb etdiyi məhbusların əksəriyyəti azadlığa çıxıb. Yəni problem tam olmasa da həllini tapıb. Odur ki, Azərbaycanla Avronest arasında münasibətlərin dondurulmuş vəziyyətdə qalması üçün ciddi əsas da qalmayıb. Azərbaycan çox ciddi bir tribunanı ötən ilin sentyabrından itirib. Milli Məclis bu yanlışını təcili düzəltməlidir".
Mediainfo.az