
Qerman Sterliqov azərbaycanlı orqan işçiləri tərəfindən dindiriləcək
Baş Prokurorluq rusiyalı iş adamı Qerman Sterliqovun saxlanılması ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, "Qerman Sterliqov Şirkətlər Qrupu"nun Direktorlar Şurasının rəhbəri Qerman Sterliqov və onun ailə üzvləri Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2015-ci il 4 iyul tarixində işğal olunmuş ərazilərə daxil olublar.
Bundan başqa, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 2015-ci il iyulun 13-də Şuşa şəhərində mətbuat kofransı keçirib və özünə məxsus "V Kontakte" sosial şəbəkəsinə aid səhifəsində məlumatlar yerləşdirərək qondarma rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına, saxta pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar etmiş, həmçinin qanunsuz biznes fəaliyyəti ilə məşğul olaraq ailə üzvlərini də bu işə sövq edib.
Q.Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin tərkibi olduğundan fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və o, dövlətlərarası axtarışa elan edilib.
2015-ci il avqust ayının 31-də saat 17 radələrində Qerman Sterliqov İrəvandan Moskvaya gələrkən Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb və gecə saat 01 radələrində Rusiya Federasiyasının ərazisini tərk etməmək şərti ilə müvəqqəti olaraq sərbəst buraxılıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu Qerman Sterliqovun yuxarıda göstərilən cinayətlərdə təqsirləndidilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.
Mediainfo.az