“İŞİD”-çilərin məhkəməsi davam etdirilib

“İŞİD”-çilərin məhkəməsi davam etdirilib

30 Aprel 2015 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz hərbi birləşmərdə döyüşməkdə təqsirli bilinən 10 nəfərlik dəstə - Vilayət Həsənli, Malik Musayev, Həşimov Samir, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Dursunəliyev Vüqar, Dursunəliyev Elvinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hakim məhkəmə istintaqın bitməsi ilə bağlı dövlət ittihamçısının və vəkillərin münasibətini soruşub. Bu zaman təqsirləndirilən Vasif Hacıyevin vəkili Şəms Eyyubova poçt vasitəsi ilə məhkəməyə vəsatət və sənədlər göndərilib. Həmin sənədlərdən məlum olub ki, vəkilin müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmaması ilə bağlı bir sıra sənədlər məhkəməyə təqdim edib. Vəkilin həmçinin Suriya Ərəb Respublikanın prezidenti Bəşər Əsədin 400-dən çox əcnəbi vətəndaşı əfv etməsi ilə bağlı sərəncamı da məhkəməyə təqdim edib. Hakim bildirib ki, vəkilin məhkəməyə vəsatət şəklində təqdim etdiyi bu sənədlər qiymətləndirici xarakter daşıyır.

Daha sonra Vilayət Həsənlinin ailə üzvləri yeni vəkillə müqavilə bağlaması üzə çıxıb. Yeni təyin olunan vəkil orderi məhkəməyə təqdim edib. Vilayət Həsənli vəkili qəbul etmədiyini deyib.

Vasif Hacıyevin vəkili Şəms Eyyubova bildirib ki, Vasif Hacıyev ittiham sənədlərində subay kimi göstərilib: "Amma Vasif Hacıyev ailəlidir və iki övladı var". Hakim bildirib ki, Vasif Hacıyevin anket məlumatları öz ifadəsi əsasında qeyd edilib. Onun evli olması ilə bağlı sənədləri məhkəməyə təqdim edin, bizdə həmin sənədləri işə əlavə edək".

Hakim Ramella Allahverdiyeva çıxış edərək, bir həftə müddətə fasilə elan etdiklərini, həmin müddət ərzində həm dövlət ittihamçısı, həm də müdafiə çıxışlarına hazır olmasını istəyib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb. Bunlardan Təqsirləndirilən digər şəxslər - Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər. Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə onda Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradaraq, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.

Məhkəmə prosesi mayın 7-də davam edəcək.

Mediainfo.az