
Baş nazir istefa verdi
Qırğızıstanın baş naziri Comart Otorbayev istefa verib. Apa-nın BBC-yə istinadən verdiyi məlumata görə, baş nazir istefa qərarını parlamentin iclasında açıqlayıb.
C. Otorbayev çıxışında əvəzedilməz şəxsin olmadığını söyləyib: "Düşünürəm ki, bu gün icra hakimiyyətini yenidən silkələmək lazımdır. Baş nazir vəzifəsindən getməyi qərara almışam. Mənim istefa qərarım koalisiyaya daha qətiyyətli baş nazir seçmək imkanı verəcək. Bizim ölkəmizdə və sizin aranızda elə namizədlər var. Əvəzolunmaz şəxs yoxdur".
Qeyd edək ki, aprelin 9-da Qırğızıstan parlamenti "Kumtor" qızıl yatağının işlənməsi üzrə Kanada şirkəti ilə imzalanmış müqavilənin restrukturlaşdırılması ilə əlaqədar hökumətin işini qeyri-qənaətbəxş sayıb və millət vəkilləri baş nazirin istefasını tələb ediblər.
C. Otorbayev 2014-cü il aprelin 14-dən baş nazir vəzifəsində çalışırdı.
Mediainfo.az