
İŞİD-ə qoşulanların məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev, Elvin Dursunəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Apa-nın məlumatına görə, prosesdə 1998-ci il təvəllüdlü Elvin Dursunəliyev ifadə verib. O, Suriyaya gedən zaman 15 yaşının olduğunu deyib: "Bir müddət sonra Suriyadan qayıtmaq istədim. Lakin sənədlərim hərbi rəhbər tərəfindən götürüldüyü üçün qayıda bilmədim".
Daha sonra hakim bildirib ki, Elvin Dursunəliyevin anası Durdanə Dursunəliyeva məhkəməyə şahid qismində çağırılsa da o, gəlməkdən imtina edib. Buna görə onun istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədə D. Dursunəliyeva oğlu Elvinin Suriyaya getməsindən xəbərsiz olduğunu deyib: "Əvvəldən bilsəydim razı olmazdım".
Bundan sonra məhkəmədə cinayət işində olan sənədlərin elan olunmasına başlanılıb. Bu zaman təqsirləndirilən Azər Qəmbərovun səhhəti pisləşib. Məhkəməyə təcili tibbi yardım çağırılıb.
Proses aprelin 30-da davam etdiriləcək.
Qeyd edək ki, MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.
Həmin şəxslərin cinayət işləri ayrı-ayrılıqda qrup şəkilində icraatlara verilib.
Mediainfo.az