
“İŞİDçilər”in məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev, Elvin Dursunəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Malik Musayev ifadə verib. O, Suriyaya döyüşmək məqsədilə getmədiyini deyib: "Məqsədim Suriyada dini rahat şəkildə yaşamaq olub. Oraya getməyimdən ailə üzvlərimin xəbəri olmayıb".
Təqsirləndirilən digər şəxslər isə ifadə verməkdən imtina ediblər.
Qeyd edək ki, MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.
Həmin şəxslərin cinayət işləri ayrı-ayrılıqda qrup şəkilində icraatlara verilib.
Məhkəmə prosesi aprelin 23-də davam etdiriləcək.
Mediainfo.az