
ABŞ səfiri Gəncə İH başçısı ilə görüşüb - FOTO
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
Apa-nın qərb bürosunun verdiyi məlumata görə, görüşdə E. Vəliyev Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə qonağa məlumat verərək şəhərin qədimiliyini qoruyaraq günü gündən inkişaf etdiyini bildirib. İcra Hakimiyyətinin başçısı şəhərdə bütün sahələrdə inkişafın getdiyini qeyd edib. Gəncədə yeni vaqon istehsalı zavodunun tikildiyini, yaxın zamanlarda poladəritmə və metallurgiya sahəsinə aid daha 3 zavodun təməlinin qoyulacağını deyən İcra Hakimiyyətinin başçısı Gəncənin gənclər şəhəri olduğunu bildirib. Qeyd olunub ki, Gəncə 2016-cı il üçün Avropanın gənclər paytaxtı elan olunub və sözü gedən ildə şəhər bir sıra mötəbər tədbirlərə ev sahibliyi edəcək. Həmçinin diplomata Nizami Gəncəvi və Məhsəti Gəncəvi barədə ətraflı məlumat verilib. Görüşdə qonağa Gəncə şəhər İcra Hakimiyyətinin adından hədiyyələr təqdim edilib.
Səfir Robert Sekuta Azərbaycana səfir təyin olunduqdan sonra bölgələrə ilk səfərini Gəncədən başladığını, görüşdə Gəncə, dahi Azərbaycanın şairi Nizami Gəncəvi və Məhsəti Gəncəvi haqqında ətraflı məluma aldığını deyib.
Daha sonra səfir Azərbaycan Dövlət Aqrar Universitetində olub, tələbə müəllim heyəti ilə görüşüb. Diplomat qeyd edib ki, Amerika ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi sahəsində əlindən gələni əsirgəməyəcək.
Qeyd edək ki, ABŞ səfiri qərb bölgəsində səfəri çərçivəsində bu gün səhər saatlarında Göygöl rayonunda olan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl regional bazasında olub.
Günün ikinci yarısında səfir Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan qəsəbədə sakinlərlə görüşəcək.
Mediainfo.az