Liviya lideri dünyaya ultimatum verdi!

Liviya lideri dünyaya ultimatum verdi!

2 İyul 2011 15:50
Bəyəndim (0) Bəyənmədim (0)
“Biz Avropaya çəyirtkə, arı dəstəsi kimi girəcəyik”

Liviya lideri Müəmmar Qəddafi NATO Liviyadakı əməliyyatını dayandırmasa, dünyanı Avropa ərazisinə hücumlarla hədələyib. Məlumatı "Associated Press" agentliyi yayıb. "Liviyalılar günlərin birində döyüş meydanını Avropaya keçirmək iqtidarındadırlar. O zaman sizin evləriniz, ofisləriniz, ailələriniz hərbi hədəfə çevriləcək. Necə ki, indi bizim evlərimiz sizin hədəfinizdədir", - Liviya lideri Qərb ölkələrinə xəbərdarlıq edib. Müəmmar Qəddafi bunları paytaxt Tripolinin əsas meydanına toplaşan minlərlə tərəfdarına audiomüraciətində deyib. Hakimiyyət tərəfdarlarının ötən gün keçirilən aksiyası son həftələrin ən kütləvi tədbiri olub. "Biz də sizinlə siz bizimlə rəftar etdiyiniz kimi davranacağıq. Əgər qərar qəbul olunsa, biz Avropaya çəyirtkə, arı dəstəsi kimi girəcəyik. Sizə fəlakətlə qarşılaşmamaq üçün ölkəmizdən rədd olmağı məsləhət görürük". Müəmmar Qəddafi Liviya qiyamçılarını "satqın" adlandırıb və tərəfdarlarını Fransanın üsyançılara göndərdiyi silahları ələ keçirməyə çağırıb. Xatırladaq ki, bu günlərdə Fransanın qiyamçılara 40 ton silah, o cümlədən, tank əleyhinə raketlər göndərdiyi məlum olub. Fransa tərəfi də bunu etiraf edib. Beləliklə, rəsmi Paris Liviya üsyançılarını silahlandırdığını etiraf edən ilk NATO ölkəsi olub.

Liviya lideri Avropaya arı sürüsü kimi doluşacaqlarını desə də, bir şey məlumdur ki, arı cəmi bir dəfə sancdıqdan sonra ölür...

Günel Həbib

O.M.