ABŞ Krım tatarlarına məxsus kütləvi informasiya vasitələrinin bağlanmasını sərt şəkildə qınayıb

ABŞ Krım tatarlarına məxsus kütləvi informasiya vasitələrinin bağlanmasını sərt şəkildə qınayıb

3 Aprel 2015 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf bu barədə bəyanatla çıxış edib.

"Biz Rusiya işğal hakimiyyəti tərəfindən bir çox Krım-tatar media orqanlarının, o cümlədən son Krım-tatar müstəqil telekanalı olan ATR-in, eləcə də QHA informasiya agentliyinin, "Avdet" qəzetinin, "Meydan-FM" radiosunun və digər qurumların bağlanmasını qətiyyətlə pisləyirik", - deyə bəyanatda bildirilir.

ABŞ hesab edir ki, bu addımlar Krımda söz azadlığına qarşı görülən tədbirlərin davamıdır: "Bu addımlar bir ildir davam edən və Krım-tatar xalqını, Rusiya işğalına qarşı çıxan digər şəxsləri susdurmağa yönəlmiş kampaniyanın nəticəsidir".

Bəyanatda tatarların ayrı-seçkilik, təqib və hədə-qorxulara məruz qaldıqları da qeyd olunur. ABŞ bağlanan KİV orqanlarının dərhal açılmasını tələb edib: "Krım Ukraynanın ayrılmaz hissəsidir. ABŞ Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edir".

Xatırladaq ki, iş adamı Lenur İslamova məxsus olan ATR telekanalı aprelin 1-də yayımını dayandırıb. Yerli hakimiyyət telekanalı təkrar qeydiyyatdan keçirməyib.

Mediainfo.az