
İlham Əliyev Nikita Mixalkovu qəbul edib
Prezident İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.
N. Mixalkov Azərbaycana səfərindən dərin məmnunluq hissi keçirdiyini bildirib. Bakıda misli görünməmiş inkişafın şahidi olduğunu vurğulayan kinorejissor filmlərindən birinin epizodunun Bakıda çəkildiyini məmnunluqla xatırlayıb. Ölkədə gedən böyük inkişaf proseslərinə toxunan N. Mixalkov Heydər Əliyevin bu istiqamətdə göstərdiyi müstəsna xidmətlərin önəmini vurğulayıb.
Prezident Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor N. Mixalkovun Azərbaycana səfərinin ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini bildirib.
Dövlət başçısı ölkəmizdə mədəniyyətin, o cümlədən kinematoqrafiyanın inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini, Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması istiqamətində ardıcıl işlər aparıldığını da qeyd edib.
Görüşdə ölkələrimiz arasında mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra N. Mixalkov prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
Mediainfo.az