Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçiriblər - FOTO
Xocalı soyqırımının 23-cü ildönümünün anılması və faciə zamanı 613 nəfər günahsız insanın qətlə yetirilməsinə etiraz olaraq Ermənistanın BMT-dəki Daimi Nümayəndəliyi qarşısında aksiya keçirilib.
Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, aksiyada Azərbaycan Nyu-York Assosiasiyasının təşkil etdiyi aksiyada Azərbaycan, Türk diaspor təşkilatlarının nümayəndələri iştirak edib.
Azərbaycanlıların Ermənistanın BMT-dəki Daimi Nümayəndəliyi qarşısından başlayan mitinqi daha sonra BMT-nin mənzil qərargahı önündə davam edib. Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan aksiyaçılar "Xocalı soyqırımı XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir!", "Xocalıya ədalət!", "Azərbaycan Xocalı faciəsinin qurbanlarını unutmayacaq!", "Soyqırımı unutma!" kimi şüarlar səsləndiriblər.
Aksiyanın təşkilatçıları Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını tələbə edərək "Dilgəm Əsgərov və Şahbaz Quliyevə azadlıq!" şüarı səsləndiriblər.
Mediainfo.az