Yasenyuk Azərbaycan və yəhudi təşkilatlarının fəaliyyətini təqdir edib - FOTO

Yasenyuk Azərbaycan və yəhudi təşkilatlarının fəaliyyətini təqdir edib - FOTO

28 Yanvar 2015 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın baş naziri Arseni Yatsenyuk ölkədə yaşayan etnik qruplar arasında ictimai-siyasi və humanitar fəallığına görə yəhudiləri və azərbaycanlıları xüsusi qeyd edib.

Ukrayna Millətlər Assambleyasından (UMA) Apa -ya verilən məlumata görə, A. Yatsenyuk bunu yanvarın 27-də Kiyevdə Holokost faciəsinin 70 illiyi münasibətilə keçirilən "Auşvits həbs düşərgəsi – Ukrayna ölçüsü" adlı sərgi zamanı milli azlıqları təmsil edən təşkilatların rəhbərləri ilə görüşü zamanı deyib.

Baş nazir UMA rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Ukrayna Yəhudi Forumunun rəhbəri Arkadi Monastırski ilə söhbətində onların təmsil etdikləri təşkilatların Ukraynanın ictimai-siyasi həyatında fəal rol oynadıqlarını və mühüm humanitar aksiyalar keçirdiklərini vurğulayıb. A. Yatsenyuk göstərdikləri humanitar fəallığa görə assambleyaya və Ukraynada yaşayan azərbaycanlılara xüsusi minnətdarlığını bildirib. R. Tağıyev isə Ukraynadakı bütün etnik qrupları təmsil edən 140-a qədər cəmiyyəti özündə birləşdirən Ukrayna Millətlər Assambleyasının (UMA) xüsusi ekspert qrupu yaratdığını və bu qrupun millətlərarası münasibətlərin inkişafı, tolerantlıq missiyasının təbliği və milli azlıqların hüquqi məsələlərinin tənzimlənməsi ilə məşğul olduğunu baş nazirin nəzərinə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Mediainfo.az