
Ermənistan məhkəməyə veriləcək!
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə "Erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının
mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları
Məhkəməsində Ermənistana qarşı məhkəmə iddiasının qaldırılması" layihəsi
çərçivəsində tədbirləri davam etdirir. Layihə iki istiqamətdə -
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən məqsədli
şəkildə milli–mədəni dəyərlərimizin məhv edilməsi və ya
erməniləşdirilməsi faktlarının aşkara çıxarılması və erməni təcavüzündən
zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası
ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində iddiaların qaldırılması
istiqamətlərində reallaşdırılır.
Artıq birinci istiqamətdə nəzərdə
tutulmuş iddia ərizələri "İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında Avropa Konvensiyası"nın 34-cü maddəsinə və Məhkəmə
Reqlamentinin 45-ci və 47-ci maddələrinə uyğun olaraq Avropa İnsan
Hüquqları Məhkəməsinə təqdim edilmə ərəfəsindədir.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində məqsədli şəkildə
milli–mədəni dəyərlərimizi ya məhv edir, ya da mənimsəyir. Bununla da onlar bu torpaqların ermənilərə
məxsusluğu barədə yalan məlumatlar yayır, sübut üçün təhrif etdikləri
Azərbaycan abidələrini misal göstərirlər. Bu isə öz növbəsində
Azərbaycanın tarixinə və mədəniyyətinə çox ciddi ziyan vurur. İctimai
Birlik ermənilərin bu iddialarına son qoymaq üçün Ermənistan hökumətinə
qarşı məhkəmə iddiaları qaldırılması barədə qərar qəbul etmişdir.
Birinci
mərhələdə Kəlbəcər rayonundakı tarix-diyarşünaslıq muzeyi və Gəncəsər
monastırı. Şuşa şəhərindəki Aşağı Gövhərağa və Yuxarı Gövhərağa
məscidləri barədə olan iddia ərizələri iyunun sonunadək Avropa İnsan
Hüquqları Məhkəməsinə təqdim ediləcəkdir. İkinci mərhələdə isə Laçın
rayonundakı tarix-diyarşünaslıq muzeyi və Ağoğlan qəsri, Ağdam
rayonundakı Cümə məscidi və Şahbulaq qəsri abidələri, Zəngilandakı
tarix-diyarşünaslıq, xalqlar dostluğu və daş heykəllər muzeyləri barədə
məlumatlar təqdim ediləcək.
Eyni zamanda, erməni təcavüzündən
zərər çəkmiş bir qrup Azərbaycan vətəndaşının mülkiyyət hüquqlarının
bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı
məhkəmə iddiası qaldırılacaq. Bütün məhkəmə iddiaları Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının üzvləri Sadiq Bağırov və Nemət
Heydərov tərəfindən hazırlanır.
Könül Aypara