Milli Məclisin sədri Böyük Britaniya nümayəndə heyətini qəbul edib

Milli Məclisin sədri Böyük Britaniya nümayəndə heyətini qəbul edib

8 Oktyabr 2014 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədov Böyük Britaniyanın Lordlar Palatasının üzvü, baş nazirin ticarət üzrə səfiri Lord Riçard Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MM-in mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, görüşdə spiker deyib ki, Azərbaycan onun dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir.

O qeyd edib ki, iki ölkənin siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığı yüksələn xətlə inkişaf etməkdədir: "Hər iki ölkənin parlamentləri bu əlaqələrin dərinləşməsinə öz töhfəsini verməkdədir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, beynəlxalq parlament qurumlarında deputatlarımızın mütəmadi görüşləri zamanı aparılan danışıqlar ümumi məqsədlərə xidmət edir. Biz inanırıq ki, gələcəkdə bu əlaqələrimiz daha da inkişaf edəcək".

Lord Riçard Risbi Azərbaycana səfəri zamanı burada keçirdiyi görüşlərdən danışıb. O, Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. İqtisadi və mədəni əlaqələrimizin günbəgün dərinləşdiyini söyləyən Lord Riçard Risbi Azərbaycandakı sabitliyi yüksək dəyərləndirdi. O, müasir dövlət quruculuğu prosesində parlamentin oynadığı rola diqqət çəkərək, ölkənin ali qanunvericilik orqanında olmağından, spikerlə fikir mübadiləsi aparmağından məmnun qaldığını söyləyib. O, iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün geniş potensial imkanlar olduğunu qeyd edib. Görüşdə MM sədrinin müavini Valeh Ələsgərov, parlament aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər iştirak ediblər.

Mediainfo.az