Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə “Anlaşma Memorandumu” imzaladı
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun ABŞ-a işgüzar səfəri davam edir. Xarici İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cü ilin 24 sentyabr tarixində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Habelə, tərəflər ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisinin Ofisi və sözügedən ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün sonunda "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası Hökuməti arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu" imzalanıb.
Mediainfo.az































































































