Erməni politoloq: “Şotlandiyanın müstəqillik qazanmasının Qarabağa təsiri olmayacaq”

Erməni politoloq: “Şotlandiyanın müstəqillik qazanmasının Qarabağa təsiri olmayacaq”

18 Sentyabr 2014 17:34
Bəyəndim (0) Bəyənmədim (0)

Şotlandiyanın Böyük Britaniyadan ayrılması Dağlıq Qarabağın statusuna təsir etməyəcək. musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, bunu İrəvandakı mətbuat konfransında Ermənistandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndaryan söyləyib. Onun sözlərinə görə, "rəsmi London Şotlandiyanın müstəqilliyini tanıyacaq, Dağlıq Qarabağı isə - yox".

"London və bütün beynəlxalq birlik DQR-i o zaman tanıyacaq ki, Azərbaycan onu tanısın" deyən politoloq qeyd edib ki, hər bir konkret halda ölkələr qərar verərkən sırf özlərinin siyasi maraqlarından çıxış edir. Nümunə kimi o, Kosovonu xatırladıb: "Ölkələrin təxminən yarısı onun müstəqilliyini tanıdı. Ancaq həmin yarı Dağlıq Qarabağı tanımır, hərgah ilk baxışda oxşar hallardır".

İsgəndaryan Dağlıq Qarabağın tanınmasını əngəlləyən mühüm səbəblərdən biri kimi bir fərqliliyə də diqqət yönəldib: "Məsələ ondadır ki, Şotlandiyanın ayrılması könüllü və mərkəzi hakimiyyətlə razılaşdırılmış şəkildə həyata keçirilir".

Yada salaq ki, bu gün Şotlandiyada müstəqillik referendumu keçirilir.

Mediainfo.az