Xarici işlər nazirləri arasında Qarabağ məsələsinə toxunulub

Xarici işlər nazirləri arasında Qarabağ məsələsinə toxunulub

16 Sentyabr 2014 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Nazir Elmar Məmmədyarov 15 sentyabr tarixində Rumıniyanın xarici işlər naziri Titus Korlatean ilə görüşüb.
Görüş əsnasında iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi və ticarət əlaqələrinin daha da genişdirilməsi, investisiya qoyuluşu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrinin əhəmiyyəti qeyd olunaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rolu vurğulanıb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsi ilə bağlı Rumıniyanın tutduğu prinsipial və dəyişməz mövqeyinin yüksək qiymətləndirildiyini söyləyib. Nazir həmçinin əlavə edib ki, bu xüsusda Rumıniyanın beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi davamlı dəstək təqdirə layiqdir.
Görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə uyğun olaraq, iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Nazir bildirib ki, gələn il Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə komissiyanın iclasının və işgüzar dairələrin iştirakı ilə biznes forumun keçirilməsi barəsində razılıq əldə olunub.
Görüşdən sonra nazir Elmar Məmmədyarov və Rumıniyanın xarici işlər naziri Titus Korlatean tərəfindən birgə mətbuat konfransı keçirilib.

Mediainfo.az