Donbasda Rusiya ordusunun 2 minədək hərbçisi öldürülüb, 8 mini yaralanıb

Donbasda Rusiya ordusunun 2 minədək hərbçisi öldürülüb, 8 mini yaralanıb

8 Sentyabr 2014 18:42
Bəyəndim (0) Bəyənmədim (0)
Ukrayna Milli Təhlükəsizlik Şurası: yaralı rus hərbçilərinin məxfi şəkildə Rusiya ərazisinə keçirilərək, qapalı şəkildə müalicə aldıqları təsdiq edilib

Ukraynanın şərqində atəşkəs rejimi elan olunsa da, hərbi əməliyyatların davam etdiriləcəyi ehtimal olunur. Son zamanlar separatçıların üstünlük qazanması Rusiyanın hərbi əməliyyatlarda birbaşa iştirakından xəbər verir. Rəsmi Moskva bunu israrla inkar etsə də, beynəlxalq təşkilatlar faktı dəlillərlə sübuta yetirir. Hətta Rusiya ordusunun hərbi əməliyyatlarda verdiyi itkilər barədə də dəqiq məlumatlar var. Unian-nın yaydığı xəbərə görə, işğal altında olan Donbasda yaralanmış rus hərbçiləri məxfi surətdə Peterburq və Rostov qarnizonlarına çatdırılırlar. Onların müalicə aldıqları şöbələrə giriş xüsusi buraxılış vərəqələri ilə həyata keçirilir. Faktı Ukrayna Milli Təhlükəsizlik Şurasının mətbuat katibinin müavini Vladimir Polevoy bugünkü brifinqində təsdiq edib. "Kəşfiyyatımızın məlumatına görə, təkcə Donbas döyüşləri zamanı iki minədək Rusiya vətəndaşı həlak olub. Yaralıların sayını isə biz təxmin edə bilərik. Ümumilikdə deyə bilərik ki, artıq 10 minədək Rusiya vətəndaşı Donbas ərazisində gedən döyüşlərdə iştirak edib. Rusiya bu faktı ona görə gizlədə bilir ki, ərazisi böyükdür. Rusiyalı yaralılar əsasən Peterburqun Kirov adına Hərbi-klinik akademiyasında, Rostovun Cənubi hərbi dairəsinə məxsus Hərbi-klinik hospitalında, Volqoqradın hərbi qarnizon hospitalında, Yeyskinin Hərbi-klinik hospitalında, həmçinin adıçəkilən yaşayış məntəqələrinin vətəndaş tibbi müəssisələrində müalicə alırlar. Bizdə olan məlumata görə, yaralılar tam məxfi şəraitdə saxlanılırlar. Onların yanına nəinki jurnalistlər, heç yaxın qohumları da buraxılmır", - deyə qeyd edən ukraynalı rəsmi Rusiya ordusunun Xerson vilayətindəki hərbi bazalarda və Krımda daha da gücləndirildiyi haqda məlumat verib.

Mediainfo.az