İqor Popov: “Səfərimizdə əsas diqqət Laçın və Kəlbəcər rayonlarına baş çəkməyə yönəlmişdi”
Jak For: "Nəinki bizim komandanın, o cümlədən bizim ölkənin, prezidentimizin siyasəti bundan ibarətdir ki, münaqişənin həlli üçün tərəflərə əlimizdən gələn köməkliyi etməliyik"
"Səfərimizdə əsas diqqət Laçın və Kəlbəcər rayonlarına baş çəkməyə yönəlmişdi. Fransadan yeni təyin olunmuş həmsədri də bizimlə bərabərdir. Jak For öz missiyasını başa çatdırır".
Apa-nın Qarabağ bürosunun məlumatına görə, bunu mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinq zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəyə keçəndən sonra ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
İ. Popov bildirib ki, bütün rayonları hələ görməyən amerikalı həmsədr də bu səfərdə iştirak edir: "Biz yerli administrasiya nümayəndəliyi və rəhbərliyi ilə söhbətlər apardıq. Təmas xəttindəki hərbçilərlə də çoxsaylı məsələlər müzakirə edildi. Təmas xəttini keçmək qarşımızda duran əsas vəzifələrdən biri idi".
Fransalı sabiq həmsədr Jak For isə 3 il ərzində ATƏT-in Minsk qrupunda həmsədrlik etdiyini xatırladıb: "Mən bu məsələ ilə çox yaxından məşğul olmuşam. Nəinki bizim komandanın, o cümlədən bizim ölkənin, prezidentimizin siyasəti bundan ibarətdir ki, münaqişənin həlli üçün tərəflərə əlimizdən gələn köməkliyi etməliyik. Missiyamın sonunda hər kəsə uğur və sülh arzulayıram".
Qeyd edək ki, J. Foru bu postda Fransanın Moldovadakı keçmiş səfiri Pyer Andrie əvəz edib.
Mediainfo.az