Zakir Həsənov Qordon Messenceri və Daraqo Lovriçi qəbul edib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO-nun Türkiyənin İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının komandan müavini, general-leytenant Qordon Messenceri Qaraheybət Təlim Mərkəzində qəbul edib. Bu barədə apa -ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimini izləyən general Q. Messenceri salamlayan müdafiə naziri, Azərbaycanla NATO arasında mövcud vəziyyəti və regionda baş verən hərbi-siyasi prosesləri müzakirə edib.
General-leytenant Q.Messencer qiymətləndirmə təlimində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin yüksək peşəkarlığı və hazırlığından məmnun qaldığını xüsusi vurğulayıb.
Müdafiə naziri Zakir Həsənov Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Daraqo Lovriçi də qəbul edib. Cənubi Qafqazla Balkanlar arasında mövcud oxşar vəziyyətə toxunan Z. Həsənov Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan və Xorvatiyanın yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-Xorvatiya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşdə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Neda Nilişiç də iştirak ediblər.
Mediainfo.az