Türkiyədə prezidentliyə namizədlərin qeydiyyatının vaxtı açıqlanıb
Türkiyədə prezidentliyə namizədlərin qeydiyyatının vaxtı açıqlanıb. Qeydiyyata iyunun 29-da başlanacaq. Bu barədə Türkiyənin Anadolu agentliyi ölkənin Yüksək Seçki Təşkilatına (YSK) istinadən xəbər verib. Məlumata görə, namizədlərin qeydiyyatı iyulun 3-də başa çatacaq. İyulun 11-dən isə namizədlərin seçkiqabağı təbliğat kampaniyasına start veriləcək. Prezident seçkilərinin birinci turunun nəticələri 11 avqustda elan ediləcək.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. Seçkilərdə hakim partiyadan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın namizədliyinin irəli sürüləcəyi ehtimal edilir.
Bir müddət bundan əvvəl AKP Təsisçilər Şurasının üzvü Salih Kapusuz bəyan edib ki, Türkiyədə prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülə bilər.
Bir müddət əvvəl Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) qarşıdakı prezident seçkilərində ölkənin Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıçın namizədliyini irəli sürə biləcəyini bəyan etsə də, daha sonra Kılıç prezident seçkilərində iştirakdan imtina etdiyini bildirib.
Daha sonra CHP-nin sabiq rəhbəri Dəniz Baykal partiyanın hakim Ədalət və İnkişaf Partiyasından olan namizədə səs verəcəklərini istisna etməyib.
Mediainfo.az