
Azay Quliyev Leyla Yunus haqda danışıb
Milli Məclisin bugünkü iclasında deputat, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dindirilən Leyla Yunus haqda danışıb.
APA-nın məlumatına görə, o qeyd edib ki, L.Yunusun fəaliyyəti başdan-ayağa Azərbaycan dövlətinin əleyhinə yönəlib: "Təəssüf ki, xalq diplomatiyası adı altında çirkin oyunlar aparılır. Bu insanlar az qala bu məsələni inhisara alıblar. Həmin adamlardan biri olan Leyla Yunus Azərbaycan dilini necə təhqir edir? Bu dildən ancaq söyüş söyəndə istifadə edir. Bu gün bəzi səfirlər də bunun ətrafında sıx birləşib. Biz bütün QHT-lərə imkan yaratmışıq. Ancaq bu o demək deyil ki, bundan sui-istifadə edib dövlətçiliyimizin əleyhinə getməlidirlər".
Spiker Oqtay Əsədov isə deputata cavab verib: "Sizin ağıllı və alovlu çıxışınıza qulaq asdım. Amma mənə maraqlıdır, siz həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrisiniz, QHT-lərə layihələr üçün qrantlar ayırırsınız. Bəs sizin nəzarətiniz olurmu ki, kim nəyi necə həyata keçirir? Layihələr varsa, onlar axıra çatmalıdır. Mən demirəm ki, bu, bir nəzarət kimi olmalıdır. Amma hər halda, bu məsələyə diqqət yetirmək lazımdır. Çünki vicdanlı, vicdansız QHT-lər də var. Mən təəssüf etdim ki, "Şəffaflıq Azərbaycan" İctimai Birliyi araşdırma təşkilatı olduğunu iddia etsə də, əslində qarşıdurma təşkilatıdır. O, bəzi təşkilatlar kimi qarışdırma ilə məşğuldur. Onlar öz hesabatlarında küçə yazılarını götürüb dərc edirlər. Bəzən bunun günahı bizim özümüzdə olur. Çünki onların dediklərinə reaksiya vermirik. Parlamentə qarşı haqsız iradlar bildirir, Milli Məclisi çox pis vəziyyətdə göstərirlər".
Mediainfo.az