İlham Əliyev: "Biz Ulu Öndərin qoyduğu yolla gedirik"
Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
"Bu gün dünyada yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycan kimi ölkələrin əhəmiyyətini böyük dərəcədə artırır. Çünki bizim iqtisadi siyasətimiz milli maraqlar üzərində qurulub, düşünülmüş siyasətdir. Bu gün Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün də öz rolunu oynayır. Azərbaycan nəinki bölgədə, dünya miqyasında mərkəzə çevrilib".
Dövlət başçısının sözlərinə görə, demək olar ki, hər həftə beynəlxalq tədbirlər keçirilir: "Yüzlərlə, minlərlə yüksək vəzifəli qonaq Azərbaycana gəlir. Hər bir qonaq bilirəm ki, böyük təəssüratlarla öz vətəninə qayıdır. Çünki bizdə olan inkişafa, quruculuğa, abadlığa bu gün dünyada nadir hallarda rast gəlmək olur".
Prezident İ. Əliyev bildirib ki, bütün bunları Azərbaycan xalqı yaradıb: "Biz Ulu Öndərin qoyduğu yolla gedirik. Biz bütün bu nailiyyətləri Azərbaycan xalqının zəhməti, istedadı hesabına əldə etmişik. Biz bu nailiyyətləri ildən-ilə möhkəmləndiririk. Əlbəttə ki, iqtisadi sahədə aparılan islahatlar bizim gücümüzü artırıb. Bu olmasa idi, biz asılı vəziyyətə düşər, xarici maliyyə qurumlarının kreditlərindən asılı olardıq".
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan özü bəzi ölkələrə kreditlər verir: "Azərbaycan özü xaricə investisiyalar qoyur. Bu gün dünyada hələ də yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycan kimi ölkələrin əhəmiyyətini böyük dərəcədə artırır. Çünki bizim iqtisadi siyasətimiz milli maraqlar üzərində qurulub, düşünülmüş siyasətdir. Həm islahatlar aparılır, həm də insanların rifah halının yaxşılaşması üçün işlər görülür. Bir sözlə, Azərbaycan bu gün öz iqtisadi gücünü artırır. Təsadüfi deyil ki, Azərbaycan son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkə kimi artıq qəbul edilib. İqtisadi inkişaf hər bir sahəyə müsbət təsir göstərir".
Mediainfo.az