Mehriban Əliyevanın fədakarlığı qiymətləndirilib

Mehriban Əliyevanın fədakarlığı qiymətləndirilib

2 İyun 2011 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 1-də Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) Bakıda 15-ci "Türk dünyasına xidmət" mükafatının təqdimatını keçirib. Mərasimdə Azərbaycan və türk dünyasının böyük şəxsiyyətləri - ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsi yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

TÜRKSAV-ın rəhbəri Yəhya Akengin mükafatın Bakıda təqdim olunmasından məmnunluğunu ifadə edib. O, türk dünyasının köklü mədəniyyətindən danışıb, mükafatın tarixi barədə məlumat verib. Azərbaycan və Türkiyənin ortaq mədəniyyət və incəsənətindən, dünyada məşhur şəxsiyyətlərindən söhbət açıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Yəhya Akengin ölkəmizin başına gətirilən müsibətləri dünyaya çatdırmaq üçün hərtərəfli fəaliyyət göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

Mükafatın 6 ölkəni təmsil edən şəxslərə və qurumlara verildiyini bildirən Y.Akengin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya da "Türk dünyasına xidmət" mükafatını təqdim etməkdən qürur duyduğunu qeyd edib. O, bildirib ki, Azərbaycanın birinci xanımı TÜRKSAV-ın idarə heyətinin qərarı ilə bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə, türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə layiq görülüb.

Azərbaycanın birinci xanımı xaricdə səfərdə olduğu üçün mükafat Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıça təqdim edilib.

15-ci "Türk dünyasına xidmət" mükafatının əhəmiyyətindən danışan türkiyəli səfir Azərbaycan-Türkiyə dostluğundan və qardaşlıq əlaqələrindən danışıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Kılıç problem həll edilməyənədək Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmayacağını bir daha vurğulayıb.

H.Kılıç Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya mükafatı təqdim etməyin böyük şərəf olduğunu bildirib.

Qeyd edək ki, Almaniyadan Yücel Feyzioğlu, Qazaxıstandan professor-doktor Dosay Kencetay, Şimali Kiprdən Mustafa Gökçeoğlu, Macarıstandan professor-doktor Edit Tasnadi, Türkiyədən Türk Dil Qurumunun rəhbəri Şükrü Haluk Akalın, Ali İhsan Kolcu, Çingiz Alyılmaz, Türkiyə Mühəndislər və Memarlar Birliyi və "Yeni Səs" dərgisi bu mükafata layiq görülüblər. Mərasimdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, ədəbiyyat, incəsənət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Könül Aypara

O.M.