Ukraynanın ərazi bütövlüyü qorunmalıdır
Ukrayna üzrə xüsusi nümayəndə: "Krımdakı vəziyyət təhlükəli həddə çatıb"
Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə riayət olunmalıdır. Apa -nın məlumatına görə, belə bir bəyanat bu gün Vyanada ATƏT-in Daimi Şurasının iclasında səslənib.
ATƏT-ə sədrlik edən İsveçrənin nümayəndəsi bəyan edib ki, ATƏT-in hazırkı sədri, İsveçrə XİN rəhbəri Didye Burkhalter məsələni diqqətdə saxlayır. Onun sözlərinə görə, D.Burkhalter artıq BMT baş katibi Pan Gi Mun və Ukrayna XİN rəhbərinin səlahiyyətlərini icra edən Andrey Deşitsa ilə yaranmış durumu müzakirə edib. İsveçrə XİN rəhbəri həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovla danışacaq.
"Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə riayət olunmalıdır. ATƏT-in fəaliyyətdə olan sədri Ukrayna üzrə təmas qrupunun yaradılması təşəbbüsünü dəstəkləməkdə davam edir", - deyə İsveçrə nümayəndəsi bildirib.
ATƏT Daimi Şurasının üzvləri həmçinin ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Tim Quldimanın fəaliyyəti ilə bağlı məlumatlandırılıb.
Ukraynada mürəkkəb və həssas durumun yarandığını bildirən T.Quldiman Krımdakı vəziyyəti təhlükəli kimi qiymətləndirib. O qeyd edib ki, Ukraynadakı siyasi-iqtisadi durum sərt addımların atılmasını zəruri edir. Diplomat həmçinin əlavə edib ki, hazırda ATƏT-in Ukraynada monitorinq missiyasının yaradılması ilə bağlı danışıqlar aparılır.
ATƏT-in xüsusi nümayəndəsi sabah Kiyevə səfər etmək niyyətindədir. Onun Krıma mümkün səfəri ilə bağlı müzakirələr aparılır.