
Rus qoşunları Simferopolun mərkəzinə doğru irəliləyir
Krımın inzibati mərkəzi Simferopolun müxtəlif hissələrində Rusiya ordusunun 50-dən çox BTR-i qeydə alınıb.
Virtualaz.org saytı Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bu barədə Krım-Tatar məclisinin rəhbəri Refat Çubarov Facebook səhifəsində yazıb. Onun bildirdiyinə görə, zirehli texnika şəhərin mərkəzinə doğru irəliləyir.
Digər məlumata görə, Yevpatoriya şossesi ilə Rusiya BTR-lərinin kalonu şəhərin mərkəzinə doğru hərəkətdədir. Həmçinin Simferepoldan bir neçə kilometr məsafədə və Çistenkoe kəndinin yaxınlığında da BTR-lər görünüb.
Krım hökumətinin sədri Anatoli Moqilyev parlament və hökumət binasını tutan silahlı şəxslərlə danışıqlar aparmağa cəhd göstərsə də silahlıların nümayəndəsi bildirib ki, onlar danışıqlar aparmaq səlahiyyətində deyillər. Həmin silahlı qrup kamuflyajdadır və kimə tabe olduqlarını açıqlamayıblar. Moqilyev onlara əlaqə nömrəsi verərək parlamentin binasını tərk edib. Şahidlərin bildirdiyinə görə, binaları tutanlar cəmi 60 nəfər yaxındır, onlar avtomatlar, snayper tüfəngləri və qumbaraatanlarla silahlanıblar.
Son məlumata görə, silahlı şəxslər Krım parlamentinin deputatlarını binaya buraxmağa başlayıb. Gözlənilir ki, Krım parlamentinin rus deputatları iclas keçirərək bölgənin Ukraynadan ayrılması və Rusiyaya birləşməsi barədə qərar çıxaracaq. Krım parlamentinin sədrinin harada olduğu məlum deyil, o, parlament binasını silahlı şəxslərin ələ keçirməsinə münasibət bildirmir.
Ukraynanın müvəqqəti lideri Aleksandr Turçinov Ali Radanın iclasında bəyan edib ki, Rusiyanın Qara dəniz donanmasının hərbi qüvvələrinin ikitərəfli razılaşmalardan kənara çıxaraq Simferopolda hərəkəti "birbaşa hərbi təcavüz" kimi qiymətləndiriləcək.
"Mən Qara dəniz donanmasının hərbi rəhbərliyinə müraciət edirəm-bütün hərbçilər ikitərəfli razılaşmalar çərçivəsində nəzərdə tutulan ərazilərdə qalmalıdır. Hərbçilərin bu ərazilərdən kənarda istənilən hərəkəti, xüsusən də silahla, bizim tərəfimizdən hərbi təcavüz kimi qiymətləndiriləcək" - deyə Turçinov bəyan edib.