"Xocalı faciəsi: Bəşəri cinayət kimi" adlı anım tədbiri keçirilib

"Xocalı faciəsi: Bəşəri cinayət kimi" adlı anım tədbiri keçirilib

25 Fevral 2014 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakıda Atatürk mərkəzində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş "Xocalı faciəsi: Bəşəri cinayət kimi" adlı anım tədbiri keçirilib.

Trend-in məlumatına görə, Türkiyə Universitetləri Məzunlarının İctimai Birliyi (TUMİB) tərəfindən təşkil olunan tədbirdə Birliyin sədri Çingiz Bayramov, Türkiyə səfirinin müavini Murad Yalçın, Türkiyədə təhsil almış azərbaycanlı tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan Ç.Bayramov Xocalı soyqırımının misli görünməyən bəşəri cinayət olduğunu vurğulayıb. O qeyd edib ki, təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri buna göz yumur, faciə ilə bağlı susurlar.
Ç.Bayramov bildirib ki, buna baxmayaraq "Xocalıya ədalət!" kampaniyası çərçivəsində dünyada görülən işlər göstərir ki, Azərbaycan Prezidenti bu işdə çox qərarlıdır və bu faciənin dünyada tanınması üçün aparılan işlərə böyük diqqət ayırır.
TUMİB sədri bildirib ki, dünyada hər bir türk Xocalı soyqırımını tanıtmaq üçün iş aparmalıdır: "Bu faciəni törədənlər hələ də öz cəzalarını çəkməyiblər. Həmin cinayətkarlar öz cəzalarına çatmayana qədər şəhidlərimizin ruhu rahat olmayacaq. Çox keçməz ki, Xocalı soyqırımı bütün dünyada tanınacaq və öz doğma torpaqlarından didərgin düşmüş insanlar öz torpaqlarına qayıdacaqlar. Yalnız ondan sonra həqiqət öz yerini tutacaq".
Ç.Bayramov qeyd edib ki, vəhşiliklə törədilən Xocalı soyqırımının dünyada tanıdılması işində qardaş Türkiyə Azərbaycana böyük dəstək göstərir.
Daha sonra çıxış edən M.Yalçın qeyd edib ki, bu unudulmaz faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və tanınması üçün Türkiyə Azərbaycanla birgə çalışır: "Biz heç vaxt bu faciənin unudulmasına imkan verə bilmərik".
M.Yalçın ümidvar olduğunu bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqları tezliklə geri qaytarılacaq. O, bir daha vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın yanındadır və qardaş ölkənin mövqeyini tam dəstəkləyir.
Tədbirdə çıxış edən digər iştirakçılar, o cümlədən gənclər də "Xocalıya ədalət!" kampaniyası çərçivəsində genişmiqyaslı işlərin aparılmasını və bunun nəticəsində Xocalı soyqırımının artıq bir neçə ölkədə tanınmasını vurğulayıb. Çıxışçılar bu qanlı faciənin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər.
Bildirilib ki, Azərbaycan bu məsələdə tək deyil, Azərbaycanın yanında Türkiyə və digər dost dövlətlər də var. Qeyd olunub ki, Azərbaycan ordusu gündən-günə güclənir və torpaqlarımızı işğaldan azad etməyə hazırdır.