Aydın Mirzəzadə Kayseri Universitetinin fəxri qonağı olub

Aydın Mirzəzadə Kayseri Universitetinin fəxri qonağı olub

24 Fevral 2014 13:57
Bəyəndim (0) Bəyənmədim (0)
Millət vəkili təəssüratlarını bölüşüb

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar dünyanın dörd bir yanında təbliğat aparılmaqdadır. Əsasən qardaş Türkiyədə bu təbliğat geniş vüsət alıb. Bu günlərdə Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində də (universitetdə 70 ölkədən 59 min tələbə təhsil alır) Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbiri universitet rəhbərliyi və Kayseri Universitetlərindəki Xarici Tələbələr Təmsilçiləri Şurası təşkil edib. Şuranın sədri Erciyes Universitetinin magistri Elşən Qəmbərov olub. Tədbirdə 300 nəfər iştirak edib. Onların 80-ı azərbaycanlı tələbə, müəllim və diaspor nümayəndələri, qalanları universitet müəllimləri, universitetdə oxuyan xarici tələbələr, Kayseri şəhərində fəaliyyət göstərən siyasi partiya, müxtəlif vəqflər və dərnəklərin nümayəndələri, həmçinin mətbuat nümayəndələri olub.

Tədbirdə Türkiyə və Azərbaycan dövlət himnləri səsləndirilib. Giriş sözü universitetin rektoru, professor Fahreddin Kaleştemura aid olub. O, Türkiyə-Azərbaycan dostluğuna yüksək qiymət verib və Xocalı soyqırımını bütün türk dünyasının faciəsi adlandırıb.

Tədbirdə Azərbaycan millət vəkili Aydın Mirzəzadə, Güney Azərbaycan Sosial-Kültural Araşdırma Mərkəzinin nümayəndəsi magistr Mecid Cavadi, Ankara TOBB Ekonomi və Texnoloji Universitetinin dosenti Toğrul İsmayıl və Erciyes Universitnin müəllimi Qafar Çaxmaqlı da çıxış ediblər. Çıxışlarda Xocalı soyqırımının baş vermə səbəblərindən, faciənin maşştabından, dünyada əks-sədasından danışılıb. Tədbirdə çıxış edən Azərbaycan nümayəndələri Türkiyə xalqına dəstəyə görə dərin təşəkkürünü bildiriblər.

Aydın Mirzəzadə Kayseriyə səfəri ərəfəsində şəhərin valisi Orhan Düzgünlə də görüşüb. Bundan başqa, hörmətli millət vəkili Türkiyədə yaşayiıb-yaradan həmyerlimiz, rəssam Nazim Məmmədovun emalatxasına baş çəkib. N.Məmmədovla söhbət əsnasında məlum olub ki, onun atası, qayınatası, həyat yoldaşı, baldızı və oğlu da rəssamdır. İstedadlı həmyerlimiz Türkiyə incəsənətində görkəmli yer tutub. Əsərləri Ankara və İstanbulda dəfələrlə nümayiş olunub. Rəsmləri şəxsi kolleksiyalarda və qalereyalardadır.

"Nazim müəllimə Azərbaycan tarixinə dair bir rəsm əsəri üzərində işləməyi təklif etdim. O, eskizləri işləyərək mənə göndərəcək, fikirlərimizi birləşdirəcəyik. Sonra da onun gözəl bir rəsm əsəri ortaya qoyacağını arzulayıram", - deyən Aydın Mirzəzadə səfəri ilə bağlı ətraflı məlumatları doğma vətənə qayıdandan sonra paylaşacaq.

Hazırladı: Könül Aypara