Deputat: "Mən də "Sovetski”də yaşayıram, amma bizim evi sökmürlər"

Deputat: "Mən də "Sovetski”də yaşayıram, amma bizim evi sökmürlər"

20 Fevral 2014 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət bu qiyməti havadan götürməyib, bazardakı məzənnələrə uyğun olaraq "Sovetski"də evlərin hər kvadratmetri üçün 1500 manat müəyyənləşdirilib.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov belə deyib.Deputatın fikrincə, dövlət məsələni araşdırıb, hesablayıb və ərazidəki evlərin hər kvadratmetri üçün 1500 manat kompensasiya ödənməsinə qərar verib:"Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyətinin ölçmə və qiymətləndirmənin necə aparıldığına dəfələrlə aydınlıq gətirilib, bütün məsələlər konkret və şəffaf aparılıb. Hazırda köçürülən ərazidə yeni tikilmiş çoxmərtəbəli binalarda mənzillər hansı qiymətə satılırsa, köçürülənlərin evləri də həmin qiymətə alınır. Hətta dövlət köçürülənlərin evlərini daha baha alır. Kiçik bir tədqiqat aparmaqla bunu öyrənmək mümkündür. Əraziyə gedib soruşmaqla yeni tikilən binalarda mənzillərin hansı qiymətə satıldığını, köçürülənlərin evlərini dövlətin neçəyə aldığını öyrənib müqayisə etmək mümkündür. Əgər kiminsə evi 5 kvadratmetrdirsə, indiyədək 5 kvadratmetrdə yaşayıbsa, buna dövlət cavabdeh deyil. Həmin şəxslər aldıqları kompensasiya hesabına gedib başqa yerdən mənzil əldə edə bilərlər.

İkincisi, ərazidə yaşayan sakinlərdən bəziləri evinin pəncərəsini qapıya çevirib, evi mağaza edib. Evlərin əksəriyyəti birmərtəbəli olduğuna görə onu asanlıqla mağazaya çevirə biliblər. İndi də deyirlər ki, bu ev deyil, obyektdir və dövlət obyektin kompensasiyasını ödəməlidir, evi obyekt qiymətinə almalıdır. Amma bunlar qanuni obyekt deyil. Obyektin tikintisi üçün icazə, lisenziya olmalıdır, standartlara cavab verməlidir. Eləcə evin bir otağının pəncərəsini söküblər və yerindən qapı açıblar. İndi də bunu dövlətə obyekt kimi satmaq istəyirlər.

Köçürülən ərazilərdə yeni yaşayış binaları tikilməyəcək. Bu iş şəhərin abadlaşdırılması və vətəndaşların rahat hərəkəti, istirahəti üçün həyata keçirilir. Orada park salınacaq. Tarixi abidələr saxlanmaq şərti ilə ərazi təmizlənəcək. Dövlət buradan hər hansı qazanc götürmür. Belə bir niyyət yoxdur. Bu iş sadəcə olaraq vətəndaşların şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilir. Vətəndaşların rahatlığı üçün nəzərdə tutulan iş niyə narazılıq doğurmalıdır?"

Siyavuş Novruzov hesab edir ki, "Sovetski" məhəlləsinin köçürülməsi prosesində vətəndaşlar aldadılmır:

"Burada aldadılma faktı yoxdur. Dövlət konkret qiymət müəyyənləşdirib. Təbii ki, bu köçürülmənin çətinlikləri var və buna anlayışla yanaşıram. İnsanların xeyli hissəsi uzun illər bu ərazidə yaşayıb, şəraitə öyrəşib. Yaxud da elələri var ki, evi 5-7 kvadratmetrdir, ona çatacaq pulla başqa yerdə ev tapıb almağa çətinlik çəkəcək. Çünki indi tikilən binalarda birotaqlı mənzillər 35-40 kvadratmetrdən az olmur. Belə problemlər var. Amma dövlət bu problemlərə biganə deyil, bütün məsələlər diqqət mərkəzindədir. Kimin nə çətinliyi varsa, Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etsin".

Siyavuş Novruzov bildirib ki, o özü 10 ildən çoxdur "Sovetski"də yaşayır:"Mənim evim həmin ərazidədir və 10 ildən artıqdır orada yaşayıram. Bu, çox uzun dövrdür. Evim ərazidə deputatlar üçün tikilmiş binadadır. Düzdür, bizim binanı sökmürlər, söküntü işləri bizim binanın qarşısından başlayıb. O küçələrdən piyada gedib gəlirəm. Sakinlərin əksəriyyəti məni tanıyır. Orada yaşayan insanlardan hər zaman hörmət görmüşəm, salamlaşırıq, görüşürük. Çox mehriban, diqqətcil, xeyirxah insanlardır. Orada yaşayanlar hər zaman bir-birinə hörmətlə yanaşıb".