“Berkut” müxalifətin baş qərargahını dağıtdı

“Berkut” müxalifətin baş qərargahını dağıtdı

19 Fevral 2014 14:48
Bəyəndim (0) Bəyənmədim (0)
Binada onlarla ölü və yaralı var

"Berkut"un fevralın 18-dən dinc etirazçılara hücumları davam edir. Səhər saatlarında Maydanda barrikadaları yaran hakimiyyət qüvvələri müxalifətin baş qərargahını – Zabitlər Evinə iriçaplı silahlardan atəşə tutub. Binada güclü partlayışların ardından yanğın başlayıb. Yüzlərlə müxalifətçi olan binada onlarla insanın öldüyü və yaralandığı haqqında xəbərlər gəlməkdədir.

Kiyev Şəhər Dövlət Administrasiyandan (KŞDA) unian.net-ə verilən xəbərə görə, fevralın 19-da səhər saat 6-ya qədər Kiyev xəstəxanalarının morquna 25 meyit gətirilib. 241 ağır yaralı xəstəxanaların reanimasiyasına yerləşdirilib. Yaralıların sayı isə minlərlədir. KŞDA vətəndaşların öz yaxınlarından xəbər almaları üçün qaynar xətt yaradıb.

Səhər saatlarında təcili yardım xəstəxanasında "Vesti" qəzetinin müxbiri Vyaçeslav Veremiy vəfat edib. "Berkut" jurnalisti fevralın 18-də Ali Rada yaxınlarında taksidən endirmiş, möhkəm döydükdən sona sinəsindən güllələmişdi. Qeyd edək ki, ötən gün Kiyevdə 28 jurnalist yaralanıb. Bir neçə jurnalistin rezin güllə və odlu silahdan açılan atəş nəticəsində yaralandığı bildirilir. Fevralın 19-zu səhər saatların şəhər hakimiyyətinin aldığı qərarla Kiyev metrosunin işi dayandırılıb. Mərkəzdəki bütün ticarət obyektləri bağlıdır. Mərkəzi küçələrdə ictimai nəqliyyat işləmir. Paytaxt iflic vəziyyətindədir.

Müxalifətçilər "Berkut"un hücumlarına baxmayaraq geri çəkilmir. 10 minlərlə insan hakimiyyət binalarının, o sıradan Ali Rada binasının mühasirəsini davam etdirir.

Hökumət qüvvələri Kiyevə gələn bütün magistralları yük maşınları ilə bağlayıb. Paytaxta heç bir maşın buraxılmır.

Ötən gecədən Kiyevdə onlarla insanın odlu silahdan açılan atəşlə həlak olmasına baxmayaraq hakimiyyət israrla odlu silahdan istifadə edilməməsi haqqında bəyanatlar yayır. Ukrayna Daxili İşlər Nazirliyi səhər saatlarında yeni açıqlama yayaraq milisin asayişin qorunması zamanı odlu silah işlətmədiyini bildirib. DİN vətəndaşları iğtişaşlara dəstək verməməyə, sabitliyi qorumağa çağırıb.

Müxalifət qüvvələri isə Silahlı Qüvvələrə "xalqın tərəfinə keçin" çağırışı ilə müraciət edib. "UDAR"ın rəhbəri Vitali Kliçko Ukrayna telekanallarına açıqlamasında Yanukoviçi ölkədə vətəndaş müharibəsi başlatmaqda suçlayıb, bütün silahlı qüvvələri xalqın mənafelərini qorumağa çağırıb: "Silahlı qüvvələr xalqın tərəfinə keçməlidir. Ukraynanın şərəfli zabitləri dinc vətəndaşların məhv edilməsi əmrinə tabe olmamalı, xalqın tərəfinə keçməlidir".