Səfir Laosun baş naziri ilə görüşüb

Səfir Laosun baş naziri ilə görüşüb

17 Fevral 2014 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Laos Xalq Demokratik Respublikasındakı səfiri Anar İmanov bu ölkənin baş naziri Thongsing Thammavong ilə görüşüb.

XİN mətbuat xidmətindən apaa verilən məlumata görə, görüşdə Thongsing Thammavong Anar İmanovu Azərbaycanın Laosdakı səfiri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

O, hələ SSRİ dövründə çoxlu sayda laoslu gəncin Azərbaycan universitetlərində təhsil aldıqlarını qeyd edib. Baş nazir iki ölkə arasında ənənəvi dostluq əlaqələrinə əsaslanan əməkdaşlığı inkişaf etdirməyin vacibliyini diqqətə çatdırıb.

Səfir Anar İmanov təbrikə görə baş nazirə təşəkkürünü bildirib və ölkələrimiz arasında əlaqələrin inkişafı üçün öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın Cənubi Qafqaz regionunda və beynəlxalq arenada apardığı siyasət barədə həmsöhbətinə məlumat verib, ölkəmizin qlobal enerji təhlükəsizliyinə böyük töhfə verdiyini və Avropada bir sıra investisiya layihələri həyata keçirdiyini diqqətə çatdırıb.

Baş nazir iki ölkə arasında münasibətləri inkişaf etdirmək məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. O, təhsil sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, laoslu gənclərin Azərbaycanda təhsil alması imkanları ilə maraqlanıb.