XİN-dən amerikalı həmsədrin fikirlərinə münasibət

XİN-dən amerikalı həmsədrin fikirlərinə münasibət

14 Fevral 2014 16:16
Bəyəndim (0) Bəyənmədim (0)
Elman Abdullayev: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır”

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır. ATƏT-in Minsk qrupu çərçivəsində Bakı ilə İrəvan arasında aparılan bu danışıqlar münaqişənin həllinə və böyük sülh sazişinin imzalanmasına yönəlib".

Bunu apa -ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Twitter"dəki fikirlərini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Qeyd edək ki, C.Uorlik "Twitter"dəki səhifəsində bunları yazıb: "Kiprin yunan və türk icmaları bəyan edib ki, Kipr problemi ilə bağlı yaxşı hazırlanmış danışıqlara başlayır. Dağlıq Qarabağ məsələsində bu niyə olmasın?"

Ermənistan mətbuatı isə bu sözləri həmsədrin Qarabağ danışıqlarının formatının dəyişməsinə və prosesə Dağlıq Qarabağın qoşulmasına çağırış kimi dəyərləndirib. Qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər nazirliyi "Twitter" səhifəsində bunları yazıb: "Biz səfir Uorliklə razıyıq ki, Dağlıq Qarabağın birbaşa iştirakı ilə tamformatlı danışıqların bərpasının vaxtı çatıb".

C.Uorlikin fikirləri bəzi şərhlərə də səbəb olub. Belə ki, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov qeyd edib ki, bu cür açıqlamalar izahat tələb edir: "Təəssüf ki, izahata ehtiyacı olan bəzi yarımçıq cümlələr ictimai fikri çaşdırır". E.Aslanov vurğulayıb ki, danışıqlarda yalnız iki tərəf – Azərbaycan və Ermənistan var.

Xatırladaq ki, fevralın 11-də ikilllik fasilədən sonra Kiprin yunan və türk icmaları arasında danışıqlar bərpa olunub. Danışıqların yekunu olaraq icma rəhbərləri mümkün qədər tez anlaşma əldə etmək niyyətində olduqlarını bəyan ediblər.