İlham Əliyev: “Gürcüstan bizim üçün qardaş, yaxın ölkə, qonşu, tərəfdaş və dostdur”

İlham Əliyev: “Gürcüstan bizim üçün qardaş, yaxın ölkə, qonşu, tərəfdaş və dostdur”

12 Fevral 2014 15:25
Bəyəndim (0) Bəyənmədim (0)
"Bizi tarix və qonşuluq münasibətləri bağlayır”.

"Sizin səfəriniz xalqlarımız və ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək üçün çox böyük əhəmiyyət daşıyır. Bizi tarix və qonşuluq münasibətləri bağlayır".

Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 12-də Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rəhbərliyi etdiyi Gürcüstan nümayəndə heyəti ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

Prezident bildirib ki, Azərbaycan və Gürcüstan müstəqil dövlətlər kimi bütün sahələrdə fəal əməkdaşlıq edir: "Bu gün biz Sizinlə ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair qısa fikir mübadiləsi apardıq. Əminəm ki, bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığın potensialını artıracağıq. Gürcüstan bizim üçün qardaş, yaxın ölkədir, qonşu, tərəfdaş və dostdur. Əminəm ki, münasibətlərimizin gələcək inkişafı çox müsbət və dinamik olacaq.

Bizi istər regional, istərsə də qlobal xarakterli çoxlu layihə birləşdirir. Biz uzun illər ərzində həmişə ümumi məqsədlərimizə sadiqlik nümayiş etdirmişik. Onları həyata keçirmək üçün qarşıdan gələn illərdə də fəal işləyəcəyik".

Gürcüstan prezidenti G. Marqvelaşvili də səfərin onlar üçün xüsusi əhəmiyyət daşıdığını deyib: "Biz azərbaycanlı həmkarlarımızla inkişaf etdirdiyimiz şəxsi münasibətlərə xüsusi həssaslıqla yanaşırıq. Siz düzgün olaraq xatırlatdınız ki, ölkələrimiz əməkdaşlığın xüsusi presedentini yaradır, nümunəvi əməkdaşlıq üçün, problemləri deyil, imkanları inkişaf etdirmək üçün şərait yaradır. Görüşümüzdə Siz bizim birlikdə inkişaf etdirdiyimiz, faktiki olaraq artıq tarixə çevrilən, istər regionumuzda, istərsə də regionumuzun hüdudlarından kənarda yaşayan xalqlar üçün tarixi imkanlar yaradan istiqamətləri düzgün vurğuladınız. Biz imkanlar yaradırıq. Biz bu imkanları birlikdə qururuq. Biz çox şadıq ki, belə səviyyədə əməkdaşlıq təkcə zəmanəmizdə deyil, gələcəyə baxanda da inkişaf edən, regionda yeni layihələr, yeni dinamika yaradan əməkdaşlıq kimi görünür".