Çin Kommunist Partiyası: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”

Çin Kommunist Partiyası: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”

11 Fevral 2014 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, görüşdə Z.Əsgərov iki ölkə arasında tarixi dostluq münasibətlərindən geniş söz açıb.

O, Azərbaycanla Çin arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsində dövlət başçılarının qarşılıqlı səfər və görüşlərinin xüsusi rolunu vurğulayıb. Birinci vitse-spiker ölkəmizin əldə etdiyi uğurlardan, iqtisadi inkişaf tempindən, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal layihələrdən, o cümlədən qədim İpək Yolunun tərkib hissəsi sayılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisindən danışıb.

Z.Əsgərov iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı bünövrənin olduğunu vurğulayıb. O, qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verərək bildirib ki, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmək barədə beynəlxalq qurumların çoxsaylı qətnamələrinə məhəl qoymayan Ermənistan ərazilərimizin 20 faizini işğal altında saxlayır: "Münaqişə nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Bu problem həm də bütün regionun təhlükəsizliyini təhdid altında saxlayır". Birinci vitse-spiker Çin Xalq Respublikasına Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Çin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Çjoy Li ölkələrimizin yüksək səviyyədə olan dostluq münasibətlərindən məmnunluğunu bildirib və deyib ki, Azərbaycan və Çin hər ikisi dünyada inkişaf edən, sülhsevər, qədim tarixə, mədəniyyətə və yüksək dəyərlərə sahib olan ölkələrdir. O qeyd edib ki, onun xalqı qədim İpək Yolunun bərpasını və bunu sülhsevər Azərbaycanla gerçəkləşdirməyi arzulayır. Dağlıq Qarabağ münaqişəsindən danışan qonaq ölkəsinin bu məsələdə mövqeyinin dəyişməz olduğunu deyib, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiklərini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.