Xose Maria Çikiyo: “Səfərimizin məqsədi Azərbaycanla yaxından tanış olmaq, dostluq əlaqələrini genişləndirməkdir”

Xose Maria Çikiyo: “Səfərimizin məqsədi Azərbaycanla yaxından tanış olmaq, dostluq əlaqələrini genişləndirməkdir”

10 Fevral 2014 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

"2012-ci ilin noyabr ayında Madriddə Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşmüşdük. İndi onların dəvəti ilə Azərbaycana gəlmişik. Bu, yalnız dostluq səfəridir və əlaqələrin güclənməsinə yardım edir".

Bunu Apa -ya açıqlamasında ispaniyalı deputat Xose Maria Çikiyo deyib.

O bildirib ki, səfər çərçivəsində parlamentdə, Xarici İşlər və İqtisadi İnkişaf nazirliklərində, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsində görüşləri olub: "Bizim gəlişimizin məqsədi Azərbaycanın iqtisadi, siyasi-sosial həyatı ilə yaxından tanış olmaq və dostluq əlaqələrimizi genişləndirməkdir. Azərbaycanın sosial, iqtisadi, siyasi inkişafı ilə yaxından tanış olmaq üçün burdayıq. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq fürsəti qazandıq. Ölkədə, həmçinin neft-qaz sahəsində olan yeniliklər və inkişafı görmək maraqlı idi".

X. M. Çikiyo əlaqələrin daha da genişləndirilməsi üçün zəmin olduğunu bildirib: "Xarici İşlər Nazirliyində və Qaçqınlar üzrə Dövlət Komitəsində bizə Azərbaycanın ən mühüm problemi olan Dağlıq Qarabağ münaqişə ilə bağlı geniş məlumat verdilər. Bizi 20 il davam edən Dağlıq Qarabağ münaqişəsinin təfərrüatları ilə tanış etdilər. Müharibə sosial, iqtisadi cəhətdən ölkəni zəiflədir. Parlament nümayəndə heyəti olaraq Azərbaycana qarşı baş verənlərdən, beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı qətnamələrindən də məlumatlıyıq".

İspaniyalı deputat ölkəsinin Avropa Şurasının üzvü kimi Dağlıq Qarabağ problemi ilə yaxından tanış olmaq istədiyini, missiyanın əsas məqsədinin də məhz bu olduğunu deyib: "Lakin İspaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi və ya Xocalı hadisəsi ilə bağlı müzakirə aparılıb-aparılmayacağını, yaxud qətnamə qəbul ediləcəyini demək hələ tezdir. Bu, bizim missiyamıza daxil deyil".