Azərbaycanla Türkiyə arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında saziş təsdiqlənib

3 Fevral 2014 17:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında beynəlxalq terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla bağlı iki yeni sənəd müzakirəyə çıxarılıb. Apa-nın məlumatına görə, sənəd barədə Təhlükəsizlik və müdafiə komitəsinin sədri, birinci vitse spiker Ziyafət Əsgərov məlumat verib.

Sənədlərdən biri "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında" sazişdir. Sənədin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanla Türkiyə beynəlxalq mütəşəkkil cinayətkarlığa, terrorçuluğa qarşı birgə tədbirlərin həyata keçirilməsi üçün yeni layihələrə başlayacaq. Sənəddə deyilir ki, tərəflər öz ərazilərində terror təşkilatlarını maliyyə və sığınacaq, yaşayış, təlim, müalicə, təchizat təminatı daxil olmaqla digər formada dəstəkləyən şəxslərə, təşkilatlara qarşı səmərəli birgə mübarizə layihələri hazırlaya və həyata keçirə bilərlər.

İkinci sənəd isə "Avropa Şurasının terrorçuluğun qarşısının alınması haqqında Konvensiyasının təsdiq olunması haqqında" qanundur. Sənədə əsasən, Azərbaycan və Avropa ölkələri arasında çirkli pulların yuyulmasına, terrorçuluğun digər bütün formalarına qarşı mübarizədə əməliyyat mübadilələri, tərəflər arasında operativ məlumatların ötürülməsi, maarifləndirmə və digər sahələrdə yeni birgə layihələrin həyata keçirilməsinə imkan yaradır.

Müzakirələrdən sonra hər iki sənəd səsə qoyularaq təsdiq olunub.