
Həsən Ruhani Davos forumunda iştirak edəcək
İran prezidenti bu ayın sonunda İsveçrəyə səfər edəcək.
"Mehr" xəbər agentliyinin verdiyi məlumata görə, Həsən Ruhani yanvarın 22-25-də Davos şəhərində keçirilməsi planlaşdırılan ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak edəcək.
Bu, İran prezidentinin hökumət başına gəlməsindən sonra xaricə üçüncü səfəri olmaqla yanaşı, Avropaya ilk səfəridir. Bundan əvvəl H.Ruhani Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin zirvə toplantısında və BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Qırğızıstan və ABŞ-da səfərdə olub.
Qeyd edək ki, Davos forumu dünya siyasi və biznes elitasının təxminən 2 min təmsilçisinin iştirakı ilə hər il keçirilir. Builki toplantının mövzusu "Dünyanın yenidən qurulması: cəmiyyət, siyasət və biznes üçün nəticələr" olacaq.
Xatırladaq ki, İran prezidentinin 31 yanvar - 2 fevral tarixlərində Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan beynəlxalq təhlükəsizlik konfransına qatılması da gözlənilir.
Apa