Prezident: “Növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq”

Prezident: “Növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq”

10 Yanvar 2014 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

"Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalanıb. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür". Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində bəyan edib. Dövlət başçısı bu münasibətlərin gələcəkdə inkişaf edəcəyini vurğulayıb: "2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir".

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə və üzv olmadığı bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istədiyini qeyd edib: "Biz buna nail ola bilmişik. Üzv olmadığımız bütün təşkilatlarla münasibətlərimizin prinsipləri açıqdır, aydındır və beynəlxalq prinsiplərdən kənarda deyil, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləridir. Əminəm ki, biz növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq".