“Ramil Səfərova görə mənə hücumlar etdilər”

“Ramil Səfərova görə mənə hücumlar etdilər”

19 Sentyabr 2013 10:48
Bəyəndim (0) Bəyənmədim (0)
İlham Əliyev bunu Quba səfəri zamanı çıxışında deyib

"Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir".

Bunu prezident İlham Əliyev Quba səfəri zamanı çıxışında deyib. Prezident deyib: "Mən xatırlayıram ki, Azərbaycan zabitini – Ramil Səfərovu Vətənə qayıtdığına və azadlığa buraxdığıma görə mənə qarşı nə qədər əsassız ittihamlar səsləndi, nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etmişdir və mənim addımlarımı pisləmişdir. Mən bu gün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini Vətənə qaytarmışdır, azadlığa buraxmışdır və ədaləti bərpa etmişdir. Ancaq baxın görün, buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı nə qədər əsassız hücumlar edilmişdi.

Əlbəttə ki, bu hücumların heç bir təsiri ola bilməzdi. Çünki Azərbaycan dövlətinin iradəsinə, qərarlarına heç bir qüvvə təsir edə bilməz. Biz ədaləti bərpa etmişik və bundan sonra da öz siyasətimizdən dönməyəcəyik. Ancaq nə üçün bu məsələ ilə bağlı öz səslərini ucaldanlar bu gün Ermənistanda faşistlərə qoyulan abidələri görmürlər? Nə üçün terror aktları, o cümlədən Avropa ölkələrində bu aktları törədən erməni terrorçuları sərbəst buraxılır və Ermənistana qaytarılır, orada isə onlara qəhrəman kimi münasibət göstərilir? Nə üçün bunu görmürlər? Bu ədalətsizlik nə vaxta qədər davam edəcək? Bu işğal nə vaxta qədər davam edəcək? Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız artıq 20 ilə yaxındır ki, işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Azərbaycan BMT-yə üzv olarkən vahid dövlət kimi üzv olmuşdur. Heç bir dövlət bizim ərazi bütövlüyümüzü şübhə altına almır. Nə üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir? Bütün bu suallar cavabsız qalır. Biz bu suallara cavabları bilirik. Bu məsələnin həll olunmamasının səbəblərini bilirik və bunu açıq ifadə edirik. Ancaq bu suallar havada qalmamalıdır, bu ədalətsizliyə son qoyulmalıdır".

O.M.