Prezident Yasamal rayonundakı "ASAN"ın açılışında
Sentyabrın 17-də Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı olub.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.Dövlət başçısı mərkəzin fəaliyyəti ilə tanış olub. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib ki, Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcək.Bildirilib ki, mərkəzdə ilk dəfə olaraq elektron şikayət köşkü və elektron rəy sorğusu xidmətləri göstəriləcək. Elektron şikayət köşkündə "Skype" vasitəsilə vətəndaşların online qəbulu keçirilərək onların şikayətlərinə operativ şəkildə baxılacaq. Elektron rəy sorğusu vasitəsilə isə gündəlik vətəndaş məmnunluğunun səviyyəsi müəyyən ediləcək.
Qeyd edilib ki, mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilib. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanmaları üçün şərait yaradılıb. Mərkəzdə əlillər üçün də hər cür imkan var. Gözdən əlillərin sərbəst hərəkəti üçün döşəməyə xüsusi örtüklər vurulub, lövhələr onların oxuya bildiyi müvafiq hərflərlə hazırlanıb.
Bildirilib ki, "ASAN xidmət" mərkəzində vətəndaşların gözləyərkən vaxtlarını səmərəli keçirmələri üçün funksional-yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqqının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaq.
Azərbaycan prezidentinə "ASAN imza" sertifikatı və "ASAN imza" Sim kartı təqdim edilib. Dövlət başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
O.M.